Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Yarış daha vacibdir

Red Bull komandasının sürücüsü Maks Ferstappen mövsümün ilk cümə sərbəst yürüşlərindən sonra sıralanma turunda fərqlərin yaxın olacağını düşünür.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü cümə sərbəst yürüşlərini 6-cı yerdə bağlayıb. O, lider Lyuis Həmiltondan 0.5 saniyə geridə qalıb.

Red Bull komandası qışda keçən ilin maşınının konseptini dəyişib və yeni mövsümə demək olar ki, tamamilə yeni maşınla başlayır. Bu isə komanda üçün bir az riskli haldır, çünki komanda 2023-cü ildəki hegemonluğunu itirə bilər.

İndi hamıya maraqlıdır ki, Red Bull sürət gizlədir yoxsa doğrudan geridədir? Lakin son 3 ilin Dünya Çempionu Maks Ferstappen bildirib ki, yarış tempinə işləyiblər və narahat deyil.

Maks Ferstappen: “Məncə, günümüz çox pis keçmədi. Peletonda komandalar çox yaxındırlar və rəqiblərimiz sürətli olmaq üçün motoru açmış ola bilərlər. Biz sadəcə özümüzə fokuslanmışıq. Bu gün elə bil balans problemi var idi, amma bu elə də ciddi şey deyil. Əsas odur ki, doğru nöqtəni tapaq. Belə olan halda zaman qazana bilərik. Sıralanma turuna qədər buna fokuslanmağa çalışacağıq.

Rəqiblərimizin motorlarını çox açdığını demirəm, amma bir neçəsi bunu etdi. Buna görə də liderlə aramızda olan fərqə görə narahat deyiləm. Amma belə görürəm ki, sıralanma turu çox yaxın keçəcək və bu da gözəl olacaq. Bundan başqa yarış tempinə görə çox xoşbəxtəm, amma yenə də daha güclü ola bilərik. Bəzi kiçik şeyləri yaxşılaşdırmalıyıq.

Maşındakı doğru nöqtə çox uzaqda deyil. Sadəcə o nöqtəyə çatmağa və maşında daha xoşbəxt hiss etməyə çalışırıq. Ancaq sonda bir az da uzun vədəyə fokuslanmaq istəyirsiniz, çünki bolid üçün əsas yarış tempidir. Əlbəttə, sıralanma turu da vacibdir, amma maşını yarış üçün yaxşı vəziyyətə gətirməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et