Xəbəri Kokpitdə Oxuyun!

Batton elit sürücülər klubuna qoşula bilər

2009-cu ilin F1 dünya çempionu Censon Battonun karyerasında yeni səhifəyə başlayır – o, bütün mövsümü dözümlülük yarışlarında keçirəcək və Britaniyanın Jota komandasının Porsche 963 hiperkarını idarə edəcək.

Əlbəttə ki, dözümlülük yarışlarının zirvəsi 24 saatlıq Le Man marafonu olaraq qalır. Dünən 44 yaşı tamam olan britaniyalı sürücü F1 çempionluğu ilə yanaşı, orada da qələbə qazanaraq, adını bunu bacarmış az sayda elit sürücülər siyahısına sala bilər. Bu uğuru əldə edən digər 5 sürücü kimlər olub? Kokpit.az təqdim edir…

 

Mayk Hotorn

Britaniyalı sarışın, yaraşıqlı sürücü 1950-ci illərdə avtoidmanın ən çox müzakirələrə səbəb olan, ən sevilməyən simalarından biri olub. Adı bir çox qalmaqalda, o cümlədən, məşhur Le Man faciəsində hallanıb. Buna baxmayaraq, o dövrün bir çox sürücüsü kimi, Mayk da təkcə F1-də yarışmaqla kifayətlənməyib.

Le Man marafonunda ilk iştirakı 1953-cü ilə təsadüf edib, lakin onun və Cüzeppe Farinanın ekipajı pit-stop zamanı mexanikin əyləc sisteminə mayeni qaydaların icazə verdiyindən daha tez əlavə etməsinə görə diskvalifikasiya edilib.

İki il sonra yenidən bura Jaguar komandasının tərkibində qayıdan Hotorn qəflətən pit-stopa girmək üçün sürətini azaldaraq böyük qəzaya səbəb olub və avtoidman tarixinin ən qaranlıq hadisələrindən biri – onlarla adamın həlak olduğu Le Man faciəsi baş verib. Yarışın sonunda onun ekipajı qələbə qazanıb, araşdırmalar nəticəsində də sürücülərdə günah olmadığı bildirilib.

Mayk dözümlülük yarışlarında 1958-ci ilə qədər iştirak edib. Bir il sonra isə o, yol avtomobili ilə qəza edərək dünyasını dəyişib. Ehtimal edilir ki, qəzaya səbəb böyrək çatışmazlığından əziyyət çəkən sürücünün gözlərinin qaralması olub…

 

Fill Hill

Avtoidman tarixinə adını Ferrari ilə yazdırmış amerikalı sürücü məhz dözümlülük yarışlarında, xüsusilə Le Manda 8 dəfə bu markanın maşını ilə çıxış edib. İlk dörd cəhddə yarışı tamamlaya bilməsə də, 1958-ci ildəki yarışı qələbə ilə taclandırıb.

Hill Le Man-da daha iki dəfə – 1961 və 1962-ci illərdə də qalib gəlib. Formula1-də olan yeganə titulunu da 1961-ci ildə başqa bir faciənin – Volfqan fon Tripsin ölümü fonunda əldə edib.

 

Yoxen Rindt

Avstriyalı sürücünün Le Man macəraları da Fil Hill kimi, ya qələbə ilə başa çatıb, ya da yarışı tamamlaya bilməməklə. Onun ikinci cəhdi uğurla nəticələnib – North American Racing Team komandası üçün 1965-ci ildə idarə etdiyi Ferrari-ni finişə hamıdan tez çatdırıb. Yeri gəlmişkən, həmin qələbə Ferrari-nin bu marafonda onilliklər boyu son qələbəsi kimi qalıb və yalnız keçən il Antonio Covinatsi və yoldaşları uğursuz seriyanı dayandıra biliblər.

Bu siyahıda artıq üçüncü sürücüdən bəhs edirik və yenə “faciə” sözünü işlətməli oluruq. Yoxen 1970-ci ildə Formula 1-də çempion olur, lakin bunu özü əsla bilmir. Çünki həmin mövsümün sonuna bir neçə yarış qalmış, Montsada faciəvi şəkildə həlak olur… Yoxen Rindt ölümündən sonra F1 çempionu olmuş yeganə sürücüdür.

 

Qraham Hill

Britaniyalı dahi sürücü yarım əsrdən çoxdur ki, heç kimin təkrarlaya bilmədiyi unikal nailiyyətin yeganə sahibi olaraq qalır. Yalnız o “Triple Crown”a – Monako Qran Prisində, İndianapolis 500 yarışında və 24 saatlıq Le Man marafonunda qələbəyə imza ata bilib. Monte Karloda Hill beş dəfə qalib gələrək “Cənab Monako” ləqəbini qazanıb. 1966-cı ildə İndianapolis yarışını qazanıb, 1972-ci ildə isə 10-cu cəhdində Henri Peskarolo ilə fransız sportkar prototipi Matra-Simca MS670-i idarə edərək Le Manda podiumun zirvəsinə qalxıb.

Həmin vaxt onun aktivində artıq 2 Formula1 çempionluğu (1962, 1968) olub. Fciə onun həyatından da yan keçməyib. 1975-ci ildə özünün idarə etdiyi təyyarə ilə qəza edərək həlak olub. Göyərtədə onunla yanaşı daha beş nəfər olub ki, onlardan da biri F1 sürücüsü Toni Brays idi…

 

Fernando Alonso

İspan sürücü Qraham Hillin nəticəsini təkrarlamağa çalışdığını dəfələrlə bildirib. Onun artıq Monako və Le Manda qələbələri var. Əslində həmin uğuru əldə etmək şansı da olub – lakin 2017-ci ildə qatıldığı yarışda idarə etdiyi maşın onu yarı yolda qoyub. Le Manda 2018 və 2019-cu illərdəki qələbələrdən sonra 2020-ci ildə özünü Dakar rallisində yoxlayan Fernando orada yalnızca 13-cü ola bilib.

Yenidən F1-ə qayıdan qocaman sürücü keçən il 8 podium əldə etməyi bacarıb. Fernandonun aktivində Formula 1 üzrə 2 dünya çempionluğu da var. Verdiyi açıqlamalarda bir daha İnsianapolisə qayıtmaq istəmədiyinə işarə vurub, lakin tez-tez yeni macəra eşqinə düşən Alonsonun nə edəcəyi bəlli olmaz…

 

Bu günə qədər Le Man marafonunda 20-dən çox Formula 1 çempionu mübarizə aparıb. Bu il Batton daha bir cəhd edəcək və kim bilir, bəlkə də yuxarıda adlarını sadaladığımız sürücülərdən ibarət elit kluba daxil olacaq.

Artıq üçqat dünya çempionu Maks Ferstappen də gələcəkdə orada yarışmaq arzusundan danışır. Yeri gəlmişkən, onun atası Yos Ferstappen sözügedən marafonda mübarizə aparıb və LMP2 sinfində qalib gəlib.

Elçin Zodorov

Şərh əlavə et