Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Həmiltondan təcrübəliyəm

Aston Martin komandasının sürücüsü Fernanso Alonso onu əyləc testi etməkdə günahlandıran Lyuis Həmiltona cavab verib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü 7-ci başladığı Əbu Dabi yarışını elə yeddinci yerdə bitirərək, çempionatda dördüncülüyü təmin edib.

Lakin ikiqat Dünya Çempionunun yarış ərzində Lyuis Həmiltonla mübarizəsi diqqət mərkəzinə düşüb. Aston Martin düzlüklərdə yavaş olsa da, Alonso rəqibinin önündə qala bilib.

Fernando Alonso: “Bəzən sürətli idik, bəzən yox. Ötmə üçün daha çox düzlük sürətinə ehtiyacımız var idi. Düzlüklərdə bir az yavaş idik. Əslində bunu şənbə günü hiss etmişdik. Amma yaxşı dövrə üçün belə sazlanma daha əlverişli idi.

Bu mövsüm əsas problemimiz bu idi. Gələn mövsüm maşında bunun üzərində işləyirik.

Yarış düzlük sürəti və təkər yeyilməsinə görə çətin idi. Yeyilmənin çox olmasını gözləsək də, bu gözləntimizdən çox oldu.

16-cı dövrədə ilk pit-stopumuzu etdik. Ondan sonra bilirdik ki, uzun yarış olacaq. Lakin tempimiz 6-cı və ya 7-ciliyə bəs edirdi. Şənbə günü dediyim kimi sıralanma tempimiz yaxşı olsa da, yarış tempimiz zəif idi. Yarışda bunu gördük. AlphaTauri-ni keçsək də, zəif idik”.

İspaniyalı sürücü yarış ərzində Lyuis Həmiltonla mübarizə aparıb və Lyuis onun haqda “əyləc testi edir” deyib.

Fernando Alonso: “Ona cavabım yoxdur. Lyuis ağıllı adamdır və idmanı doğrudan da yaxşı bilir. Çox təcrübəlidir, amma mən ondan təcrübəliyəm.

Bunu eşidəndə həm təəccübləndim, həm də təəccüblənmədim. Eyni şeyi 2013-cü ilin Kanada yarışında da etdik. Yəni o hadisədən 10 il sonra DRS almaq üçün əlimizdən gələni etdik. Lakin hər iku halda da mübarizəni mən qazandım. Yəni problem yoxdur”.

Fernando Alonso bu mövsümdən razı qalıb: “Aston Martin və mənim üçün tarixi mövsüm oldu. Səkkiz podium qazandıq və 200-dən çox xal topladıq. Komanda üçün 300 xala yaxınlaşdıq. Bundan 1 il əvvəl belə şey düşünə bilməzdik. Buna görə də komanda üçün ən yaxşı mövsümdür. Buna görə də bu mövsümü uzun illər xatırlayacağıq. İnanılmaz idi.

Gözləntilər aşağı olsa da, bunları aşdıq. Bəlkə gələn il tam tərsi olacaq. Buna görə də üstümüzdə daha çox təzyiq var.

Dördüncülük elə də vacib deyildi. Əslində böyük ekranda Leklerin ikinci olduğunu görəndə düşündüm ki, geridə qalacağıq. Amma belə görünür ki, xallarımız bərabərdir. Buna görə də daha çox podium qazanaraq, mövsümü öndə bitirdim.

Dediyim kimi çempionatda dördüncü olmaq gözlənilməz və real olmayan hadisə idi. Dördüncü gün dediyim kimi 2012 və bu il ən yaxşı mövsümlərim idi. Bu ilin əvvəlində bu yeri heç xəyal belə etmirdim”.

Rauf Hacıyev

Şərh əlavə et