Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Mövsüm Qətər və Əbu Dabidə bitəcək

Aylarla davam edən qeyri-müəyyənlikdən sonra Formula 1 orijinal təqvimi qorumaq qərarına gəlib. Beləliklə, 2026-cı il mövsümünün finalı dekabrın əvvəlində Yaxın Şərqdə keçiriləcək.

Yaxın Şərqdə baş verən qarşıdurmalar səbəbindən əvvəlcə Bəhreyn Qran Prisinin ləğv edilərək Malayziyada fərqli tarixdə keçirilməsi qərara alınmışdı. Səudiyyə Ərəbistanı Qran Prisi də təqvimdən çıxarılmışdı. Bundan sonra Formula 1 mümkün risklərə qarşı alternativ planlar üzərində işləməyə başlamışdı.

MotoGP isə ötən həftələrdə noyabrın 8-də Qətərdə yarışmaq niyyətini təsdiqləmişdi. Bununla da orijinal təqvimi qoruyaraq Formula 1-dən əvvəl Luseyldə trasa çıxacağını açıqlamışdı.

Hər iki seriya hazırda Liberty Media-nın nəzdində olduğu üçün ortaq strateji çərçivədə hərəkət edir. Buna görə də MotoGP-nin Qətərdə yarışmaq qərarını dəyişməməsi Formula 1-in də oxşar yanaşma nümayiş etdirə biləcəyinə dair mühüm siqnal olmuşdu.

Lazımi təminatlar alındıqdan sonra Formula 1 də orijinal planı qorumaq qərarına gəlib.

Formula 1-in rəhbəri Stefano Domenikali Sky-a açıqlamasında bunu təsdiqləyib: “Təqvimi təsdiqləmişik. Buna görə də mövsümün son iki Qran Prisi Qətər və Əbu Dabidə keçiriləcək.

Əlimizdə olan məlumatlar və almalı olduğumuz təminatlar əsasında izlədiyimiz istiqamət budur. İlin sonuna qədər tətbiq etməli olduğumuz strategiya belə olacaq”.

Formula 1 Qətər və Əbu Dabidə yarış keçirməyin mümkün olmaması ehtimalına qarşı B planını da qüvvədə saxlayır. Bu çərçivədə mövsüm finalının dekabrın 6-da İmolada keçirilməsi ilə bağlı razılıq əldə olunub.

A planı Qətər və Əbu Dabiyə getmək olsa da, İmolada hazırlıq işləri ehtiyat planı kimi davam etdirilir. Trasda tribunaların quraşdırılması və Qran Priyə ev sahibliyi etmək üçün tələb olunan bütün hazırlıq işləri davam edir.

Rauf Hacıyev

Şərh əlavə et