Xəbəri Kokpitdə Oxuyun!

Mövsüm Əbu Dabidə başa çatacaq

Ethara şirkətinin baş direktoru Saif Raşid Al Noaimi Yaxın Şərqdə davam edən gərginliyə baxmayaraq, Əbu Dabi Qran-prisinin dekabrın 6-da planlaşdırıldığı kimi keçiriləcəyini bildirib.

Yas Marina trasında mövsümün finalını təşkil edən şirkətin rəhbəri təhlükəsizliklə bağlı narahatlıqların davam etdiyi həssas dövrdə açıqlama verib.

Son həftələrdə Səudiyyə Ərəbistanı təkrar hücumlara məruz qalıb. Hücumların hədəfləri arasında Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı və Zəhrandakı Saudi Aramco şirkətinin baş qərargahı da olub.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya oktyabrın ilk iki həftəsində yalnız Ər-Riyad hava limanına 20 ayrı hücumun həyata keçirildiyini bildirib.

Təqvimdə Əbu Dabi yarışından dərhal əvvəl Qətər Qran-prisi keçiriləcək. Qətər də hücumlara məruz qalan Səudiyyə Ərəbistanı ərazilərindən cəmi 150 kilometrdən bir qədər çox məsafədə yerləşir.

Formula 1 rəhbərliyi mövsümün Qətər və Əbu Dabi yarışları ilə planlaşdırıldığı kimi başa çatacağı mövqeyini qoruyur. Bununla belə, mümkün ləğv qərarına qarşı İmoladakı trasın ehtiyat variant kimi hazırlandığı bildirilir.

Alternativ plana əsasən, İmola dekabrın 6-da iki ayrı yarışa deyil, yalnız bir ehtiyat yarışına ev sahibliyi edəcək. Bu ssenari reallaşarsa, təqvimdəki yarışlardan biri tamamilə ləğv olunacaq.

Dubai Eye 103.8FM radiosuna danışan Saif Raşid Al Noaimi isə Əbu Dabi Qran-prisinə hazırlıqların heç bir gecikmə olmadan davam etdiyini vurğulayıb: “Yarış keçiriləcək və hazırlıqlar həmişə planlaşdırıldığı kimi davam edib. Mövsümün finalı dekabrın 6-da Əbu Dabidəki Yas Marina trasında baş tutacaq. Gördüyünüz kimi, ərazidə işlər sürətlənib. İndiyədək ən böyük Paddock Club zonamızı qururuq.

Bu il 12 min nəfəri keçəcəyik. Tədbirin keçirilməsi üçün 40 min nəfərə akkreditasiya verilib. Yəni bu miqyasda təşkilatçılıq işlərinə 40 min nəfərlik heyət cəlb olunur.

Bundan əlavə, 1 500 könüllümüz var və onların 90 faizi Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarıdır. Təşkilatın hazırlanmasına və həyata keçirilməsinə dəstək verən 220-dən çox təchizatçı şirkət də var. Onlar olmadan bunu bacara bilməzdik.

İlk yarışdan bəri illər ərzində yerli ekosistemin böyüyüb inkişaf etdiyini görmüşük”.

Rauf Hacıyev

Şərh əlavə et