Sessiyadan əvvəl havanın temperaturu 22,5, asfaltın temperaturu isə 26,5 dərəcə olub. Qarajlarda son yoxlamalar başa çatdıqdan sonra start siqnalı verilib və pilotlar Q1 üçün trasa çıxıblar. Sessiya ərzində bütün pilotlar quru hava təkərlərindən istifadə ediblər.
Sürətli dövrəsinə ilk başlayan Aston Martin pilotu Fernando Alonso olub. O, 1:24.934 nəticə göstərib. Lens Stroll da eyni nəticə ilə ikinci yerdə qərarlaşıb. Lakin qısa müddət sonra Williams pilotları Karlos Saynsın liderliyi ilə ilk iki pilləni ələ keçiriblər.
Bir neçə dövrə sonra Şarl Lekler 1:23.468 nəticə ilə ön qrupun tempini müəyyənləşdirib. Komanda yoldaşı Lyuis Həmilton isə 1:23.550 göstərici ilə ikinci olub.
Q1-in ortalarında Maks Ferstappen 1:22.833 nəticə ilə Ferrari pilotlarını geridə qoyaraq liderliyə yüksəlib. Ayzek Hacar da güclü dövrə vurub və 1:22.858 nəticə ilə komanda yoldaşının arxasında qərarlaşıb. İlk cəhdlər başa çatdıqdan sonra Mercedes və McLaren pilotlarından başqa hamı qaraja qayıdıb.
Kimi Antonelli 1:22.708 nəticə ilə Ferstappeni geridə qoyaraq zirvəyə yüksəlib. Lakin Rassell 1:22.557 ilə cavab verərək liderliyi yenidən ələ keçirib. McLaren pilotları isə Lando Norrisin öndə olduğu beşinci və altıncı yerlərdə qərarlaşıblar.
Arvid Lindblad 1:23.438 nəticə ilə yeddinci, Liam Louson isə 1:24.100 göstərici ilə onuncu olub. Lakin Lousonun dövrəsi Qabriel Bortoleto və Oli Berman tərəfindən üstələnib və o, 12-ci pilləyə geriləyib.
Ferrari pilotları qaraja qayıtmazdan əvvəlki cəhdlərində nəticələrini yaxşılaşdıra bilməyiblər. Lekler yeddinci, Həmilton isə doqquzuncu yerdə qalıb. Sessiyanın son beş dəqiqəsinə daxil olarkən bütün komandalar son cəhdlərə hazırlaşmaq üçün qaraja qayıdıblar.
Son dövrələrdə heç kim nəticəsini yaxşılaşdıra bilməyib. Beləliklə, Karlos Sayns, Aleks Albon, Fernando Alonso, Lens Stroll, Valtteri Bottas və Serxio Peres Q1-də mübarizəni dayandırıblar.
Q2: Rassell yenidən zirvədə, Hacar ikinci yerdə
Q2 başlayanda geri sayım başlasa da, ilk dəqiqələrdə heç bir pilot trasa çıxmayıb. Sessiyanın ilk beş dəqiqəsi geridə qaldıqdan sonra bütün pilotlar eyni vaxtda pit yoluna çıxıblar.
Q2-də ilk sürətli dövrəni Niko Hülkenberq vurub və 1:24.446 nəticə göstərib. Qısa müddət sonra Antonelli 1:22.373-lük dövrə ilə finiş xəttini keçib. Lakin Rassell 1:22.079 nəticə ilə cavab verərək yenidən liderliyə yüksəlib.
Ferstappen 1:22.435 nəticə ilə Antonellinin arxasında qərarlaşıb. Hacar isə 1:22.344 göstərici ilə Antonellini geridə qoyaraq Rassellin ardınca ikinci pilləyə yüksəlib.
Norris 1:22.540 nəticə ilə beşinci yeri tutaraq komanda yoldaşını qabaqlayıb. Lekler 1:23.005 göstərici ilə Piastrinin arxasında yeddinci olub. Həmilton isə cüzi fərqlə səkkizinci yerdə qərarlaşıb. Bu cəhdlərdən sonra bütün bolidlər qaraja qayıdıb.
Q2-nin başa çatmasına təxminən üç dəqiqə qalmış McLaren pilotları, Red Bull cütlüyü və Rassell istisna olmaqla, bütün pilotlar yenidən trasa çıxıblar.
Alpine pilotları son saniyələrdə tamamladıqları dövrələrlə onuncu yer uğrunda mübarizədə sərhəddə qalıblar. Oli Berman isə hər iki Alpine pilotunu qabaqlayaraq 11-ci pilləyə yüksəlib. Buna baxmayaraq, o, mübarizəni dayandıranlar arasında qalıb.
Q2 başa çatdıqda Oli Berman, Pyer Qasli, Franko Kolapinto, Qabriel Bortoleto, Rafael Kamara və Niko Hülkenberq mübarizəni dayandırıblar.
Q3: Poul Rassellin oldu, Antonelli ikinci, McLaren arxada
Q3 üçün start siqnalı verildikdən sonra pilotlar poul uğrunda son mübarizə üçün trasa çıxıblar.
İlk sürətli dövrəsini tamamlayan Ferstappen 1:22.399 nəticə göstərib. Lakin komanda yoldaşı Hacar 1:22.357 ilə ona cavab verib. Rassell isə 1:21.695 nəticə ilə zirvəyə yüksəlib. Antonelli yenə də komanda yoldaşının ən yaxın izləyicisi olub.
McLaren pilotları da Red Bull cütlüyünü qabaqlayıblar. Norris üçüncü, Oskar Piastri isə dördüncü yerdə qərarlaşıb. Ferrari pilotları isə yenidən temp tapmaqda çətinlik çəkiblər. Lekler Rasselldən təxminən 1,5 saniyə geri qalaraq yeddinci olub. Həmilton isə komanda yoldaşından yarım saniyə geridə qərarlaşıb.
Q3-ün son hissəsində də heç bir pilot nəticəsini yaxşılaşdıra bilməyib. Beləliklə, Corc Rassell poul mövqeyini qazanıb. Komanda yoldaşı Kimi Antonelli ikinci yeri tutub, McLaren pilotları isə Norris və Piastri ilə ilk dördlüyü tamamlayıblar. Ayzek Hacar beşinci, Maks Ferstappen isə altıncı olub.







Şərh əlavə et