Tarix yazıldı.
Həm də bunun üçün bundan yaxşı yer seçmək çətin idi. Çünki Sepanq onsuz da həmişə bir az müəmmalı, bir az da “bu gün görəsən nə olacaq?” tipli yarışlara ev sahibliyi edib.
Bu bazar isə cavab çox şey oldu. Yarış gec başladı. Sonra maşınlarda proqramlaşdırma problemləri ortaya çıxdı. Start xaotik alındı. VSC gəldi, SC gəldi. Keçən yarışın qalibi mübarizəni yarıda saxladı. Ferrari-lər gerilərdən qalxıb önlərə gəldilər.
Bir sözlə, Formula 1 yarışında nə görmək istəyirsinizsə, bu gün Sepangda onun hamısı var idi.
Yarışdan əvvəl də yazmışdım: mövsümün ən yaddaqalan yarışlarından birini izləyəcəyik. Elə də oldu.
Maks başqa planetdə idi

Maks Ferstappen SSepanqda ayrı səviyyədə idi. Ümumiyyətlə, belə traslar Maksın sevdiyi yerlərdir. Sürətli döngələr, ritm, uzun düzlüklər… Maksın özünü rahat hiss etdiyi ərazi.
Bu gün isə qarşısıalınmaz idi.mHətta yarış üç gün davam etsəydi, məncə yenə də kimsə Maksı keçə bilməzdi.
Son səkkiz yarışda yeddinci podiumunu qazandı. Bu aralıqda podium qazanmadığı tək yarış Zandfort oldu, lakin Niderlandda xəstələnməsəydi, çox güman ki, orada da podiumda olacaqdı.
Mövsümün əvvəlində Red Bull-un qələbə mübarizəsindən danışmağa tez olduğunu düşünürdük. İndi isə Maks yenə həmin söhbətin içindədir.
Mercedes-ə nə deyək?

Mercedesə gələndə isə adama deyərlər: sən maşını Aston Martin-in rənginə boyayanda bilmirdin pilotlardan biri out olacaq?
Zarafatı kənara qoysaq, Bakıdan sonra Rassell üçün hər şey o qədər yaxşı görünürdü ki… İndi isə həmin eyforiyadan əsər-əlamət yoxdur. Bakıdan sonra çempionatda lider Antonelli fərq 66 xala düşmüşdü. İndi yenidən 84-ə qalxdı.
Doğrudan da, Rassell üçün çox pis mövsüm gedir. Ümid edirsən, maşın yaxşıdır, sürücü yaxşıdır, çempionluq mübarizəsi var… Sonra növbəti yarış gəlir və maşın xarab olur.
Formula 1-də bəzən ən ağır cümlə “sürət çatmadı” deyil , “maşın finişə çatmadı”dır.
Ferrari yenə yavaş-yavaş yaxınlaşır

Ferrari isə strategiyada səhvlərə baxmayaraq yarışı üçüncü və dördüncü yerlərdə başa vurdu. Bakıdan sonra Sepangda da McLaren-dən daha çox xal topladılar. Bununla da Ferrari çempionatda ikincilik uğrunda mövqeyini bir qədər də möhkəmləndirdi.
Lyuis Həmilton isə xüsusilə yaxşı yarış keçirdi. Amma bir sual ortaya çıxır: Ferrari səhv etməsəydi, qələbə mümkün idimi Qətiyyən yox. Ferrari-nin bu gün maksimum götürə biləcəyi yerlər elə bunlar idi.
Yəni üçüncü və dördüncü yer pis nəticə deyil. Sadəcə Ferrari-ni izləyərkən həmişə bir “bəs kaş…” cümləsi də yanında gəlir.
Fernando yenə Fernandodur

Yarışdan Fernando barədə yazmışdım. Bazar günü isə o, yenə özünü göstərdi.
Sevdiyi Sepangda yarışa 12-ci yerdən başladı. Bir ara 17-ci yerə qədər gerilədi… Və yarışın sonunda? Səkkizinci yer və mövsümün ən yaxşı nəticəsi.
Fernando Alonso üçün bunu izah etməyə çox söz lazım deyil. Maşın nə verirsə, onun üstünə bir az da Fernando əlavə edir. Honda da deyəsən, ADUO güc qurğusunun gücünü yavaş-yavaş ortaya çıxarmağa başlayır. Üstəlik, Aston Martin bu həftəsonu xüsusilə döngələrdə kifayət qədər inamlı görünürdü.
Deməli, bəlkə də yaşıl maşının qarşıdakı yarışlarda bizə göstərəcəyi hələ nələrsə var. Fernando da, təbii ki, gözləyir.
Və podium…

Sonda isə ortaya çox maraqlı podium çıxdı – Maks Ferstappen, Kimi Antonelli və Lyuis Həmilton. Antonelli iki böyük dünya çempionunun arasında və bu üçlük ilk dəfə eyni podiumda dayanırdı.
Belə podiumlar Formula 1-in tarixində sonradan xatırlanan podiumlara çevrilir. Bəlkə də illər sonra Sepanq 2026 deyəndə ağla gələn ilk görüntülərdən biri məhz bu olacaq.
Çünki bundan əvvəl belə bir hissi 1993-cü ilin İspaniya Qran Prisində yaşamışdıq. O vaxt podiumda Alen Prost, Ayrton Senna və Mixael Şumaxer dayanmışdı. İndi isə onların yerində başqa bir nəsil var: Maks Ferstappen, Kimi Antonelli və Lyuis Həmilton. Bir tərəfdə artıq öz dövrünü formalaşdırmış iki böyük çempion. Digər tərəfdə isə onların arasında dayanan yeni nəslin ən böyük namizədlərindən biri.
2016-nın kölgəsi 2026-da yenidən göründü

Bir də bu mövsümün maraqlı təsadüflərindən birini qeyd etməmək olmaz. Sanki 2016-cı ilin Formula 1 təqvimi 10 il sonra yenidən açılıb, bəzi səhifələri dəyişdirilərək qarşımıza qoyulub.
2016-cı ildə Azərbaycan Qran Prisi ilk dəfə keçiriləndə Mercedes pilotu Niko Rosberq Bakıda qələbə qazandı. Üstəlik, bunu Böyük Dəbilqə ilə etdi. On il sonra isə eyni səhnə yenidən quruldu. Sadəcə sürücünün adı dəyişdi.
Bu dəfə başqa bir Mercedes pilotu — Corc Rassell Bakıda qalib gəldi və karyerasının ilk Böyük Dəbilqəsini əldə etdi.
Deməli, Bakı Mercedes üçün yenə həm qələbə, həm də Böyük Dəbilqə deməkdir.
Amma əsas qəribəlik bununla bitmir. Belə ki, 2016-cı ildə Sepanqda Mercedes-in digər pilotu Lyuis Həmilton yarışın ortasında mühərrik problemi ilə mübarizəni dayandırmışdı.
2026-cı ildə isə tarix yenə bir az “zarafat” etdi. Bakıdakı Böyük Dəbilqə Rassellin oldu. Sepangda isə bu dəfə Mercedes-in digər pilotu deyil, elə Rassell özü yarışdan kənarda qaldı.
Yəni 10 il əvvəl:
Bakı — Rosberq Böyük Dəbilqə
Malayziya — Həmilton out
10 il sonra:
Bakı — Rassell Böyük Dəbilqə
Malayziya — Rassell out
Yəni ki, 10 ildən sonra biz yenə oxşar ssenarilərin şahidi olduq.




Şərh əlavə et