Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Norris daha 4 il McLaren-də!

Son dünya çempionu Lando Norris hazırkı komandası McLaren ilə müqaviləsini uzadıb. Britaniyalı pilot ən azı 2030-cu ilin sonuna qədər Voking təmsilçisinin heyətində mübarizə aparacaq.

Şənbə günü səhər verilən rəsmi açıqlamada 26 yaşlı sürücünün müqaviləsinin 2030-cu ilə qədər uzadıldığı və razılaşmada sonrakı illər üçün əlavə uzatma bəndlərinin də yer aldığı bildirilib. Norris bu xəbəri Vokinqdəki zavodda keçirilən ənənəvi tədbirdə komanda əməkdaşlarına şəxsən açıqlayıb.

Qərardan sonra hisslərini bölüşən Lando Norris deyib: “McLaren mənim evimdir və məni ən azı 2030-cu ilə qədər komandada saxlayacaq yeni müqaviləni imzaladığım üçün çox xoşbəxtəm.

Doqquz il əvvəl bu səyahətə başlayanda məqsədlərim çox aydın idi: McLaren-i layiq olduğu yerə, yəni ön sıralara qaytarmaq və çempionluqlar qazanmaq.

Bu məqsədə çatdıq, amma daha çoxunu istəyirik. Qazanmağa davam etmək istəyirik və komanda olaraq buna nail olacaq gücə sahib olduğumuzu bilirik.

Monzada bolidin sükanı arxasına qayıtmaq üçün səbirsizlənirəm”.

Norrisin əvvəlki müqaviləsi 2027-ci ilin sonunda başa çatmalı idi. Yeni anlaşma ilə britaniyalı pilot Vokinq komandasındakı gələcəyini daha uzun müddətə təmin edib. Komanda yoldaşı Oskar Piastrinin isə McLaren ilə 2028-ci ilin sonuna qədər müqaviləsi var.

İlk dünya çempionluğunu və mövsüm ərzindəki yüksək performansını nəzərə alaraq Norrisin maaşında ciddi artım əldə etdiyi təxmin edilir. Bundan əlavə, britaniyalı pilota ona ilk dünya çempionluğunu qazandıran 2025-ci il MCL39 bolidi də hədiyyə edilib.

McLaren komandasının rəhbəri Andrea Stella britaniyalı pilotla əməkdaşlığı davam etdirməkdən məmnun olduqlarını bildirib: “Lando möhtəşəm sürücüdür.

O, təbii sürətini yetkinlik, sabitlik və komandaya bağlılığı ilə birləşdirir. Gənc sürücü proqramımızdan etibarən bizimlə birlikdə inkişaf edib və McLaren-i yenidən Formula 1-in zirvəsinə daşımaqda əsas rol oynayıb.

Lando və Oskar ilə birlikdə pelotondakı ən güclü və ən uyğunlaşmış heyətlərdən birinə sahibik”.

McLaren-in baş icraçı direktoru Zak Braun isə Norrisin komandadakı işlərinin onların istedadların inkişaf etdirilməsi fəlsəfəsinin ən yaxşı nümunələrindən biri olduğunu vurğulayıb: “Lando Andrea, Oskar və bütün komanda ilə birlikdə McLaren-i peletonun ən arxa sıralarından götürərək, 2024 və 2025-ci illərdə ardıcıl iki Konstruktorlar Çempionluğuna və 17 illik fasilədən sonra ilk Sürücülər Çempionluğuna daşıdı.

Qarşıdakı illər üçün çox həyəcanlıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et