Kokpit.az xatırladır ki, Corc Rassel 2026-cı il mövsümünə çempionluğun əsas favoritlərindən biri kimi başlamışdı. İngilis pilot mövsümün açılış yarışı olan Avstraliya Qran Prisində pouldan start götürərək rahat qələbə qazansa da, bundan sonra yalnız Avstriyada qalib gəlib.
Bunun əksinə, komanda yoldaşı Andrea Kimi Antonelli ilk 11 yarışın altısında qələbə qazanıb və Sürücülər Çempionatında Rasseli 59 xal qabaqlayır. Lyuis Həmilton isə Rasseldən 9 xal öndədir.
2019-cu ildə Formula 1-də debüt edən və karyerasının ilk illərində Rassellə eyni dövrdə mübarizə aparan Lando Norris, 2018-ci ildə Formula 2 çempionluğu uğrunda da britaniyalı pilotla rəqabət aparıb. McLaren pilotu hesab edir ki, həmyerlisi hazırda onun 2025-ci ildə yaşadıqlarının tam əksini yaşayır.
Norris 2025-ci il mövsümünə çətin başlamış və komanda yoldaşı Oskar Piastri ilk doqquz yarışda beş qələbə qazanmışdı. Norris isə sıralanma turlarında etdiyi səhvlər səbəbindən yaxşı nəticə əldə etmək imkanlarını bir neçə dəfə öz əli ilə əldən vermişdi.
Rasselin vəziyyətini qiymətləndirən Norris bildirib ki, özü 2025-ci ildə olduğu kimi özünəinam qazanmaq əvəzinə, Rassel hazırda özünəinamını itirə bilər: “Mən həmişə özümə çox böyük təzyiq göstərmişəm. Corcun özünə də bu qədər təzyiq göstərib-göstərmədiyini bilmirəm və hazırda onun daxilən tam olaraq hansı vəziyyətdə olduğunu da bilmirəm. Amma o, həmişə özünə kifayət qədər güvənən biri olub.
Ötən il mən mövsümə özümə çox da güvənmədən başlamışdım və sonradan ‘Artıq itirəcəyim heç nə yoxdur’ mərhələsinə gəlib çatdım. Məncə, Corc isə bunun tam əksini yaşayır. O, özünə kifayət qədər güvəndiyi bir nöqtədən bəlkə də bu inamın bir hissəsini itirməyə doğru gedir.
Bəlkə də indi hər pilotun öz metodunu tapmalı olduğu mərhələyə gəlib çatır. Hamı üçün işləyən vahid bir yanaşma yoxdur. Belə vəziyyətdə nə etməli olduğunu dəqiq bilmək isə asan deyil. Özünə daha çox təzyiq göstərməlisən, yoxsa ümumiyyətlə təzyiq hiss etməməyə çalışmalısan?
Üstəlik, onun inanılmaz dərəcədə yaxşı çıxış edən bir komanda yoldaşı var. Düşünürəm ki, Kimi burada insanların çoxunun gözlədiyindən də yaxşı iş görür. Buna görə həm çox güclü komanda yoldaşına sahib olmağın, həm də səni inanılmaz dərəcədə yaxşı şəkildə sınağa çəkən və səhv etməyən bir pilotla mübarizə aparmağın yaratdığı təzyiq var.
Bir də özündən mümkün olan ən yaxşı performansı almağa çalışmağın özü var.
Corcla bir çox mövzu barədə danışmışam, ancaq təzyiq, çempionluq və ya daim ona ünvanlanan suallar haqqında bəlkə də çox danışmamışıq. Yəni konkret olaraq bu mövzulara fokuslanmamışıq, lakin onsuz da həmişə danışırıq.
Nələrin baş verdiyini, nələrin yaxşı getdiyini, nələrin yaxşı getmədiyini və bu kimi hər şeyi müzakirə edirik. Ona böyük hörmətim var və onun çox istedadlı pilot olduğunu düşünürəm”.




Şərh əlavə et