Niderlandlı sürücünün əvvəlki müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədə idi. Lakin yeni nəsil F1 avtomobillərindən narazılığı və digər yarış serialarındakı fəaliyyətləri onun mövcud müqaviləsinin sonuna qədər Red Bull-da qalıb-qalmayacağı ilə bağlı suallar yaratmışdı.
Bununla belə, Red Bull dördqat Dünya Çempionu ilə əməkdaşlığı uzatmaqda maraqlı idi. Milton Kins mərkəzli komanda bu həftəsonu keçiriləcək son Niderland Qran Prisindən əvvəl Ferstappenlə yeni müqavilə imzalandığını açıqlayıb. Yeni anlaşma əvvəlki müqaviləyə daha iki il əlavə edir və bununla da Ferstappen 2030-cu ilin sonuna qədər Red Bull pilotu olaraq qalacaq.
Maks Ferstappen yeni müqavilə ilə bağlı bunları deyib: “Yeni müqavilədən həqiqətən çox məmnunam. Çox yaxşı komandamız var və yenidən zirvəyə qayıtmaq üçün hamı ilə birlikdə çalışmağa davam edəcəyim üçün həyəcanlıyam. Hamımızın üzərində işlədiyi və bundan sonra da çalışacağı əsas məqsəd budur.
Mənə göstərdikləri etimada görə Red Bulla, Lorenə və Oracle Red Bull Racing-dəki hər kəsə təşəkkür etmək istəyirəm.
Lorenlə bir ildən artıqdır birlikdə işləmək də möhtəşəm təcrübə olub. Onun komanda üçün aydın vizyona sahib olduğunu görürəm. Milton Kinsdəki hər kəs qurduğumuz layihəyə inanır. Mən də daha çox qələbə uğrunda mübarizə aparacağımız, çempionluqlar qazanmağa çalışacağımız və bu komandanın gələcəyini formalaşdırmağa davam edəcəyimiz yeni mərhələni səbirsizliklə gözləyirəm”.
Red Bull komandasının rəhbəri Loren Mekis isə Ferstappenin komandada qalmasını böyük xəbər adlandırıb: “Maksın bizimlə qalmağa davam etməsi və pelotonun ən yaxşı pilotunu heyətimizdə saxlamağımız Red Bull, Oracle Red Bull Racing, Formula 1 və bütövlükdə avtoidman üçün möhtəşəm xəbərdir.
İdman dünyasında çox az əməkdaşlıq Maksla bu komandanın birlikdə əldə etdiyi səviyyəyə çata bilib. Maks ilk gündən Oracle Red Bull Racing-i xüsusi edən bütün xüsusiyyətləri təmsil edib: güzəştə getməyən rəqabət əzmi, tükənməz qətiyyət və formalaşmış qaydalara meydan oxumaq cəsarəti.
Komandamızın və Red Bull-un avtoidman tarixindəki təsiri böyük dəyişiklik yaradıb və birlikdə əldə etdiyimiz hər şeyin təməlində Maks dayanıb.
Yolumuza birlikdə davam etmək qərarı illər ərzində Maksla komanda arasında formalaşan etimada, eləcə də Maksın əməkdaşlarımıza, mədəniyyətimizə və gələcəyə dair vizyonumuza inamına əsaslanır. Çempionluqlarla gələn uğurlar, çətin mübarizələr və ağır anlarla formalaşan bu münasibət zaman keçdikcə daha da güclənib və Formula 1 tarixinin ən böyük uğur hekayələrindən birinə çevrilib.
Lakin hələ işimiz bitməyib. Qazanılacaq daha çox yarış, əldə ediləcək daha çox nailiyyət və yazılacaq daha çox tarix var. Bizi idmanın zirvəsinə çatdıran eyni əzmlə və bacara biləcəklərimizə daha böyük inamla birlikdə hədəflərimizi daha da yüksəltməyə davam edəcəyik.
İrəlilədikcə çox şey dəyişəcək, ancaq məqsədimiz dəyişməyəcək: vahid istiqamət, vahid vizyon və vahid komanda olaraq birləşmək”.




Şərh əlavə et