2026-cı il Formula 1 mövsümünün ikinci yarısına daxil olarkən, inkişaf büdcəsi ilə bağlı qaydalar komandaları daha seçici və strateji davranmağa məcbur edir. Çempionatın ön sıralarında gedən komandalar bu mərhələdə fərqli strategiyalar izləyirlər.
Mercedes W17 üçün hazırladığı yeganə və genişmiqyaslı böyük yenilik paketini Asiya yarışlarına saxlamağı planlaşdırır. Mühərrik tərəfindəki ADUO yeniləməsinin isə büdcə məhdudiyyətləri səbəbindən nə vaxt gələcəyi hələ də qeyri-müəyyəndir.
McLaren Bakı yarışı üçün MCL40-ın aerodinamik səmərəliliyini artıracaq yeni paket üzərində çalışır. İlk konsepsiyasının effektivliyini artırmaq üçün indidən ciddi vəsait xərcləyərək bolidini geniş şəkildə yeniləyən Red Bull isə balans problemləri ilə mübarizə aparmasına baxmayaraq, Maks Ferstappenin öndərliyi ilə əllərindən gələni etməyə davam edir.
Ferrari-də isə rəqiblərindən fərqli mənzərə mövcuddur. SF-26-nın inkişafına erkən başlayan komanda konstruktiv problemləri həll etmək üçün rəqibləri qədər vəsait xərcləməli olmayıb. Əsaslı yenilənməyə ehtiyac duymayan Ferrari əlindəki resursları birbaşa performans artımına yönəldərək 2027-ci il planlarını da artıq dəqiqləşdirib.
Autoracer Italia-nın məlumatına görə, Ferrari-nin SF-26 üçün hazırladığı inkişaf proqramı iki böyük yenilənmə və kiçik təkmilləşdirmələr ətrafında formalaşacaq. Məlumata əsasən, ilk böyük addım Niderlandda atılacaq. Zandfortda Barselonada sınaqdan keçirilən və mərhələli şəkildə inkişaf etdirilən altlığın yeni və daha geniş versiyası bolidə inteqrasiya ediləcək. Komanda bu yeniliklə asfaltayatma qüvvəsini artırmağı və bolidin ideal işləmə diapazonunu genişləndirməyi hədəfləyir.
Mövsümün ən vacib dayanacaqlarından biri olan Monzada isə işlər fərqli istiqamət alacaq. SF-26 üçün daha aşağı hava müqaviməti təmin edən xüsusi aerodinamik paket üzərində çalışan Ferrari, ADUO yeniləməsinə bağlı yeni turbokompressor sistemini də Monzaya çatdırmağı planlaşdırır.
Turbin və kompressor qrupundakı səmərəlilik artımı yüksək dövrlərdə hava axınını və təzyiqi daha yaxşı idarə etməyə, bununla da güc itkilərini minimuma endirməyə imkan verməlidir. Bu yeniləmə mühərrikin yüksək dövrlərdə gücünü daha uzun müddət qorumasına şərait yaradaraq. Xüsusilə uzun düzlükdə nəzərəçarpacaq sürət üstünlüyü qazandıra bilər.
Monzaya gətiriləcək ADUO yeniləməsi mövsümün qalan hissəsi üçün əsas mühərrik bazasını formalaşdıracaq. Mühərrik arxitekturasındakı radikal dəyişiklik isə 2027-ci ildə həyata keçiriləcək.
İtaliya mətbuatının məlumatına görə, SF-26-nın bu mövsümdəki inkişafı Monza ilə də məhdudlaşmayacaq. Payız aylarında bolidə dördüncü aerodinamik paketin gətirilməsi də planlaşdırılır.




Şərh əlavə et