Xəbəri Kokpitdə Oxuyun!

Cadillac 40 min kv.m-lik baza tikir

Cadillac Formula 1 komandasının rəhbəri Qrem Loudon tikintisi və inkişafı davam edən komandanın mövcud infrastrukturu ilə bağlı son məlumatları verib.

Formula 1-in ən yeni komandası fəaliyyətini əsasən Böyük Britaniyadakı Silverstoun bazası olmaqla, bir neçə mərkəzdən həyata keçirir. Komanda həmçinin General Motors-un Şimali Karolina və Miçiqandakı bazalarından istifadə edir, aerodinamik boru işlərini isə Almaniyanın Köln şəhərində yerləşən Toyota bazasında həyata keçirir.

Cadillac Indianapolis şəhərinin Fişers ətrafında yeni Formula 1 bazası inşa edir. Güc qurğusu departamenti üçün tikiləcək baza isə baş şirkət General Motors-un fəaliyyət göstərdiyi Şarlott bölgəsində yerləşəcək.

Bu arada Cadillac ilk dəfə sıralanma turunda Q2-yə yüksəlmək və Formula 1-də ilk xallarını qazanmaq üçün mübarizəsini davam etdirir.

Qrem Loudon komandanın infrastruktur işlərinin hələ də davam etdiyini bildirib: “Hələ də tikirik. Bu, təyyarə havada olarkən onu inşa etməyə və ya gəmi dənizdə olarkən onu qurmağa bənzəyir. Bu proses hələ də davam edir. Hələ də fabriklər tikirik.

Masanın yanında polad burunlu iş çəkmələri və dəbilqə dayanır. Tikinti sahələrinə gedib vəziyyətə baxırıq. Indianapolisdə çox böyük bir bazamız var, Silverstounda isə daha kiçik bir obyektimiz yerləşir. Bundan əlavə, güc qurğusu şirkəti də Şarlottda öz fabrikini inşa edir.

Eyni zamanda hələ də çox intensiv şəkildə işçi qəbul edirik. Buna görə görüləsi çoxlu tikinti və inkişaf işi var. Bu il Q2-yə yüksəlməyə başlamamız MAC-26-nın güclü və zəif tərəflərini anlamağımıza da imkan verəcək. Eyni zamanda komandanın əməliyyat baxımından güclü və zəif tərəflərini də görməyə başlamışıq.

Lakin biz bundan zövq alırıq. Əgər bir gün keçsə və həmin gün yeni bir şey öyrənmədiyimizi başa düşsək, deməli, həmin günü boşa keçirmişik. Buna görə inkişaf etdirə biləcəyimiz hər sahəni müəyyənləşdirməyə və daim irəliləməyə çalışırıq.

Hazırda həyata keçirdiyimiz işlər böyük addımlar şəklində baş verir. Çünki görüləsi çox iş var və bunların çoxu bizim üçün yenidir. Buna görə hələ bəzi sahələrdə yalnız incə sazlanmalarla inkişaf əldə etdiyimiz mərhələyə çatmamışıq. Digər komandaların əksəriyyətinin yəqin ki, olduğu nöqtə budur”.

Loudon Fişersdəki yeni fabrikin müxtəlif bölmələrinin nə vaxt fəaliyyətə başlayacağı ilə bağlı “yaxın zamanda daha çox açıqlama” veriləcəyini bildirib. O, yeni simulyatorun da quraşdırılmasına başlanıldığını açıqlayıb.

Britaniyalı rəhbər bazanın hazırkı vəziyyətini belə izah edib: “Hazırda hələ də tikinti mərhələsindəyik. Baza mərhələli şəkildə istifadəyə veriləcək. Çünki 40 min kvadratmetr əraziyə malikdir. Kiçik  yer deyil”.

Fişersdəki bazada işlərin gələn il başlayıb-başlamayacağı ilə bağlı suala Loudon belə cavab verib: “Ümumilikdə, bəli. Oradakı tikinti kifayət qədər irəliləyib. Lakin bu, çox böyük layihədir. Silverstounda da eyni şəkildə çoxlu iş görülür və yeni bölmələr istifadəyə verilir”.

Rauf Hacıyev

Şərh əlavə et