Xəbəri Kokpitdə Oxuyun!

L.Serra: Ferrari yeniliklərdən qorxmur

Loik Serra Ferrari-nin mühəndislik departamentindəki dəyişiklikdən danışıb.

Formula 1-də yeni texniki qaydalar dövrü Ferrari-nin aerodinamika və şassi işlərinin yeni texniki direktor Loik Serra tərəfindən tam şəkildə idarə olunmağa başlaması ilə eyni vaxta təsadüf edib. Fransalı mühəndis Enriko Kardilenin yerinə keçərkən 2025-ci il bolidinin dizayn prosesinin bir hissəsində də iştirak edib. Lakin həmin mərhələdə bəzi əsas qərarlar artıq böyük ölçüdə formalaşmışdı.

Bu səbəbdən SF-26 Ferrari-nin yeni idarəetmə anlayışını həqiqətən əks etdirən ilk bolid hesab edilə bilər. İtaliya komandasının bəzi mühəndislik və dizayn həllərinin rəqib komandalar tərəfindən nümunə götürülməsi də diqqət çəkir.

Bunların arasında egzozun üzərində yerləşdirilən FTM qanadcıq və böyük müzakirələrə səbəb olan, əks istiqamətdə hərəkət edən və “Makarenа” adlandırılan arxa qanad xüsusilə önə çıxır. Ferrari gələn mövsüm qadağan ediləcək bu həllərlə yenilik etmək və rəqiblərini təəccübləndirmək istiqamətində mühüm addımlar atdığını göstərib.

Serra Autosprint-dən Alessandro Qargantiniyə verdiyi müsahibədə Ferrari-nin yanaşmasındakı dəyişikliyi belə izah edib: “Yeni texniki qaydaların qüvvəyə minməsi, ən azı ilkin mərhələlərdə, qaydalar dövrünün sonuna yaxın texniki həllərin bir-birinə yaxınlaşmasından əvvəl daha çox təşəbbüs göstərmək imkanı yaradır.

Komanda daxilində bütün inkişaf və istehsal zənciri boyunca çox vacib olan, özünü qidalandıran bir dövrə formalaşıb. Buna görə özümə pay çıxarmaq istəmirəm. Bu işin ən gözəl tərəfi komanda işidir”.

Serra Ferrari-nin hazırkı performansını əvvəlki mövsümlərlə müqayisə etməyin hələ düzgün olmadığını da vurğulayıb. 2026-cı il mövsümünün hələ yarısında olduqlarını xatırladan fransalı mühəndis yeni qaydalar səbəbindən SF-26-nın əvvəldən geniş inkişaf potensialına sahib olacaq şəkildə hazırlandığını bildirib: “Bu il yeni texniki reqlament qüvvəyə mindiyi üçün geniş inkişaf potensialına malik bolid hazırlamalı olduğumuzu bilirdik. Hazırda hələ də inkişaf prosesinin içindəyik. Buna görə hər şey olduqca dinamikdir və hələ kəşf ediləsi çox şey var.

Bolidin inkişaf etdirilməsi yollarını anlamaq üçün zehnimizi açıq saxlamağa və marağımızı qorumağa davam etməliyik. Komandadakı varlığım həlledicidirmi? Açığı, fərqi yaradanın ayrı-ayrı insanlar olduğunu düşünmürəm və bu, mənə də aiddir. Heç nəyin xüsusilə mənim adıma yazıla biləcəyini düşünmürəm.

Biz komanda olaraq çalışır, qalib gəlir və uduzuruq. Komanda fərdilikdən öndə gəlir”.

Serra Ferrari-nin 2026-cı ildə qazandığı iki qələbənin ötən mövsümdəki sıfır qələbə ilə müqayisə edilməsinin də doğru olmadığını bildirib. Ferrari-nin birbaşa nəzarət edə bildiyi məqamın yarış qələbələri deyil, trasa gətirdiyi yeniliklərin nə qədər effektiv olması olduğunu söyləyib: “Ötən mövsüm qələbə qazana bilmədiyimiz halda 2026-cı ildə iki qələbə əldə etdik. Lakin bir daha deyirəm, bu iki vəziyyəti müqayisə etmək mümkün deyil, çünki hər şey nisbidir. Qələbələr birbaşa nəzarət edə bildiyimiz amil deyil. Biz trasa gətirdiyimiz yeniliklərin nə qədər effektiv olduğunu qiymətləndiririk. Öz işimizin meyarı özümüzük.

Ancaq SF-26-nın hər iki pilotla yarış qazana biləcək səviyyədə olması, şübhəsiz ki, çox müsbət haldır. Şarl Lekler və Lyuis Həmilton özlərini ifadə etmə və ünsiyyət qurma tərzlərinə görə fərqli pilotlardır. Lakin onların bizə verdiyi rəylər çox vaxt eyni olur. Ferrari trasa bir yenilik gətirəndə onların hər ikisi bundan sonra performansını artırır”.

Rauf Hacıyev

Şərh əlavə et