Kokpit.az xatırladır ki, italyan sürücü 2025-ci il mövsümü ərzində Desmosedici motosikletində əsaslı dəyişikliklər edildiyini və motosikletin artıq əvvəlki kimi davranmadığını dəfələrlə dilə gətirmişdi. 2024-cü ildə çempionluq uğrunda mübarizə aparan italiyalı sürücü 2025-ci ildə isə əksər yarışlarda ön qrupun tempindən geri qalmışdı.
Mövsüm ərzində iki Qran Pri qələbəsi və bir neçə podium qazansa da, ümumilikdə temp tapmaqda çətinlik çəkən Banyaya son yeddi yarışın altısını tamamlaya bilməmişdi.
Banyaya ilə yanaşı, VR46 komandasının sürücüsü Fabio di Cannantonio da GP25-dən istədiyi performansı ala bilmirdi. Komanda yoldaşı Mark Markes isə motosikletin çatışmazlıqlarına baxmayaraq, mövsümün bitməsinə beş yarış qalmış çempionluğunu rəsmiləşdirərək, GP25-in hələ də yarış və çempionluq qazanacaq potensiala malik olduğunu göstərmişdi.
Lakin Stonerin fikrincə, Banyayanın motosikletlə bağlı tənqidləri əvvəldən haqlı idi və GP25 əvvəlki versiyadan nəzərəçarpacaq dərəcədə fərqli xarakterə sahib idi.
Stoner MotoGP-nin rəsmi saytına açıqlamasında bunları deyib: “Pekko adına həqiqətən çox üzülürəm, çünki son vaxtlar böyük çətinliklər yaşadı.
Hamı Pekkoya inamını itirmişdi. Davamlı olaraq ‘Sadəcə şikayət edir, motosiklet eynidir, boş danışır’ deyirdilər. Amma mən kənardan baxanda motosikletin əvvəlki kimi olmadığını görə bilirdim.
Pekko çox yumşaq və axıcı sürüş üslubuna malik sürücüdür. Mən motosikletin etməməli olduğu hərəkətləri etdiyini görürdüm”.
Qış fasiləsində Ducati 2027-ci il mövsümü üçün KTM-dən Pedro Akostanı heyətinə qatıb, Banyaya isə Aprilia ilə müqavilə imzalayaraq Marko Bezzekkinin komanda yoldaşı olmağa razılıq verib.
Beləliklə, müasir MotoGP dövrünün ən uğurlu sürücü-komanda əməkdaşlıqlarından biri sona çatacaq.
Banyaya 2022-ci ildə Fabio Kuartararonu geridə qoyaraq Ducati-yə Stonerin 2007-ci ildə qazandığı tituldan sonra ilk Sürücülər Çempionluğunu gətirmiş, 2023-cü ildə isə bu uğurunu təkrarlamışdı.
Stoner hesab edir ki, Aprilia-dakı yeni başlanğıc Banyayanın yenidən özünəinam qazanmasına kömək edəcək. “Pekko mənim çempionluğumdan sonra Ducati-yə ilk çempionluğu qazandıran sürücü idi. Üstəlik, bunu ardıcıl iki dəfə bacardı. Bundan əvvəl də, sonra da mövsümü ikinci yerdə başa vurmuşdu və uzun müddət Ducati-ni ön qrupda təmsil edən yeganə sürücü olmuşdu.
Düşünürəm ki, haqsızlığa məruz qalan tərəf məhz o idi.
Onun adına çox həyəcanlıyam. Ümid edirəm ki, Aprilia-da yeni motivasiya, yeni ailə tapacaq və yenidən əvvəlki kimi özünə güvənən sürücüyə çevriləcək”.




Şərh əlavə et