Xəbəri Kokpitdə Oxuyun!

Pirelli: Ən sürətli strategiya bir pit-stop olacaq

Pirelli Silverstounda həm sprint yarışını, həm də əsas təsnifatı qazanan Mercedes pilotu Kimi Antonellini təbrik edib. Dünya çempionatının liderinə poul mükafatını Nigeriya millisinin və İtaliyanın “Udineze” klubunun qapıçısı Maduka Okoye təqdim edib.

Pirelli Motorsport-un direktoru Dario Marrafuski bildirib ki, komandaların ixtiyarında olan bütün təkər tərkibləri bazargünkü yarış üçün uyğundur və strategiya hazırlanarkən bu amil nəzərə alınmalıdır.

Onun sözlərinə görə, şənbə günü müşahidə olunan deqradasiya səviyyəsi gözləniləndən aşağı olub. Buna müasir Formula 1 bolidlərində enerji idarəetmə sisteminin daha səmərəli işləməsi də təsir göstərib.

Marrafuski qeyd edib ki, Pirelli-nin hesablamalarına əsasən, bir pit-stoplu strategiya iki pit-stoplu variantdan təxminən 13 saniyə daha sürətlidir.

Sprint yarışında komandaların əksəriyyəti Medium (C2) tərkibli təkərlərdən istifadə edib və Pirelli hesab edir ki, Qran Pridə də start üçün əsas seçim məhz bu təkərlər olacaq. Sarı zolaqlı təkərlər sabit və effektiv işləyib, həmçinin təhlükəsizlik avtomobili və ya virtual təhlükəsizlik avtomobili vəziyyətində komandalara əlavə taktiki çeviklik təmin edə bilər.

Ən sürətli strategiya yarışa Medium təkərləri ilə başlayıb, 24–30-cu dövrələr arasında Hard təkərlərinə keçidi nəzərdə tutur.

Alternativ variant kimi 29–35-ci dövrələr arasında pit-stop edərək Medium-dan Soft-a keçid göstərilib.

Bundan başqa, Pirelli Hard ilə başlayıb Medium-a keçid və ya Soft ilə start alıb yarışı Hard təkərlərində başa vurmaq kimi digər strategiyaların da mümkün olduğunu bildirib.

Rauf Hacıyev

Şərh əlavə et