Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Özüməinamım qayıtdı

Britaniya Qran Prisinin sıralama turunda ikinci yeri tutan Şarl Lekler son yarışlarda yaşadığı çətinliklərdən sonra boliddə özünəinam hissini yenidən qazandığını bildirib.

Son yarışlarda sabit temp tapmaqda və xal qazanmaqda çətinlik çəkən 28 yaşlı sürücü Silverstounda qazandığı ikinci yerdən sonra rahat nəfəs aldığını deyib. Monakolu pilot seansdan sonra bunları söyləyib: “Bu nəticədən çox məmnunam.

Sürüş hissini tam oturda bilmədiyim və temp tutmaqda çətinlik çəkdiyim bir neçə uğursuz yarış keçirdim. Bazar günləri xal qazanmağımıza mane olan problemlərlə üzləşdik. Buna görə də boliddəki o yaxşı hissi yenidən tapmaq möhtəşəmdir. Bu hissi geri qaytarmaq üçün pərdəarxasında həqiqətən çox böyük iş görülüb.

Bu gün uzun müddətdən sonra ilk dəfə boliddə axtardığım inamı tam hiss etdim. Son vaxtlar sabit nəticələr əldə etməkdə nə qədər çətinlik çəkdiyimi bildiyim üçün bunun hələ başlanğıc olduğunu anlayıram. Ancaq bu, şübhəsiz ki, doğru istiqamətdə atılmış yaxşı addımdır”.

Lekler əlavə edib ki, son dövrlərdə yaşanan temp itkisini aradan qaldırmaq üçün sürüş tərzi də daxil olmaqla hər detalı yenidən analiz ediblər və poul mövqeyini qazanan komanda yoldaşını da təbrik edib: “Son vaxtlar ümumilikdə tempimiz aşağı idi. Buna görə də sürüş tərzimdən tutmuş etdiyimiz hər şeyə, ən xırda detallara qədər hər şeyi yenidən nəzərdən keçirməli olduq.

Nəticədə komanda olaraq həqiqətən çox yaxşı iş gördüyümüzü düşünürəm və bu ikinci yerdən məmnunam. Əlbəttə, poul mövqeyində olmaq istərdim. Amma Kimi inanılmaz bir dövrə vurdu və buna tam layiq idi”.

Rauf Hacıyev

Şərh əlavə et