Xəbəri Kokpitdə Oxuyun!

Britaniya F2: Tsolov son dövrədə qələbəni qoparıb

Qabriyele Mini Formula 2-nin Silverstoundakı sprint yarışına pouldan başlasa da, qələbəni qoruyub saxlaya bilməyib. Yarışın son dövrəsində Nikola Tsolov həlledici ötmə edərək mövsümdə ardıcıl ikinci, ümumilikdə isə çox vacib qələbəsini qazanıb.

Mini startda Ritomo Miyatanın hücumunu dəf edərək liderliyini qoruyub. Lakin altıncı yerdən start alan Tsolov ilk döngələrdə əla çıxış edərək üçüncü pilləyə yüksəlib.

Yarışın əvvəlində Con Bennet ilə Sebastyan Montoya toqquşub. Son döngədə Montoyanın bolidi trasdan çıxarkən Bennet ona arxadan çırpılıb və hər iki pilot mübarizəni erkən dayandırıb. Hadisədən sonra təhlükəsizlik avtomobili trasa çıxıb və marşallar trası təmizlədikdən sonra yarış bərpa olunub.

Restartdan sonra Tsolov təzyiqi artıraraq əvvəlcə Rafael Villaqomesu geridə qoyub və ikinci yerə yüksəlib. Ardınca o, çempionatdakı əsas rəqibi Miniyə yaxınlaşmağa başlayıb. MP Motorsport komandası radio vasitəsilə italiyalı pilotdan tempi artırmağı tələb edib.

Yarış ərzində stüardlar Martinius Stenshorna start zamanı Rafael Kamaranı trasdan çıxardığı üçün 10 saniyəlik cəza veriblər.

Son dövrələrdə Tsolov ardıcıl hücumlar etsə də, Mini hər dəfə mövqeyini qoruya bilib. Lakin son dövrədə italiyalı pilot əyləcləmədə səhvə yol verərək təkərləri bloklayıb. Bundan istifadə edən Tsolov növbəti düzlükdə rəqibini ötərək liderliyi ələ keçirib və finişə birinci çatıb.

Beləliklə, bolqar pilot Silverstounda ardıcıl ikinci qələbəsini əldə edib. Mini ikinci yeri tutsa da, yarışın sonunda Villaqomesin təzyiqini dəf etməkdə çətinlik çəkib. Üçüncü yeri isə məhz Villaqomes tutub.

Bu nəticədən sonra Tsolov və Mini çempionatda 116 xalla bərabərləşiblər. Lakin daha çox yarış qələbəsinə malik olan Nikola Tsolov Formula 2 çempionatının yeni lideri olub.

Bazargünkü əsas yarışa pouldan Rafael Kamara başlayacaq. Tsolov beşinci, Mini isə onuncu yerdən start alacaq ki, bu da titul uğrunda mübarizənin daha da gərgin keçəcəyinə işarə edir.

Pilot Komanda Vaxt Fərq Dövrə
1 N. Tsolov Campos Racing 41:04.635 21
2 Q. Mini MP Motorsport 41:05.926 +1.291 21
3 R. Vilyaqomes Van Amersfoort Racing 41:06.333 +1.698 21
4 K. Mayni ART Grand Prix 41:07.647 +3.012 21
5 T. İntrafuvasak ART Grand Prix 41:11.328 +6.693 21
6 D. Beqanoviç DAMS Lucas Oil 41:13.465 +8.830 21
7 R. Bilinski DAMS Lucas Oil 41:14.539 +9.904 21
8 D. Dürksen Invicta Racing 41:15.434 +10.799 21
9 A. Dann Rodin Motorsport 41:16.262 +11.627 21
10 R. Kamara Invicta Racing 41:17.194 +12.559 21
11 R. Miata Hitech 41:23.381 +18.746 21
12 N. Leon Campos Racing 41:24.276 +19.641 21
13 M. Boya Prema Racing 41:28.040 +23.405 21
14 L. van Huypen Trident 41:28.280 +23.645 21
15 K. Herta Hitech 41:28.559 +23.924 21
16 O. Göte MP Motorsport 41:30.517 +25.882 21
17 E. Fittipaldi AIX Racing 41:32.508 +27.873 21
18 N. Varrone Van Amersfoort Racing 41:33.194 +28.559 21
19 K. Şilds AIX Racing 42:14.310 +1:09.675 21
20 M. Stenshorn Rodin Motorsport 43:30.147 +2:25.512 21
S. Montoya Prema Racing Sıxış 1
D. Bennett Trident Sıxış 1

Rauf Hacıyev

Şərh əlavə et