Silverstounda şənbə günü beş qırmızı işığın sönməsi ilə 17 dövrədən ibarət sprint yarışı start götürüb.
Gözlənildiyi kimi, demək olar ki, bütün pilotlar Medium tərkibli təkərlərlə yarışa başlayıblar. Yalnız Valtteri Bottas, Fernando Alonso və Ləns Stroll yumşaq tərkibli təkərlərə üstünlük veriblər. Hava temperaturu 22°C, asfaltın temperaturu isə 37°C olub.
Sprint yarışına poul mövqeyindən başlayan ev sahibi Lyuis Həmilton ilk döngəni lider keçməyi bacarıb. Kimi Antonelli ikinci yerdəki mövqeyini qoruyub. Lando Norris isə əla start alaraq üç pillə irəliləyib. Maks Ferstappen və Şarl Lekler isə istədikləri kimi start götürə bilməyiblər.
İlk dövrə başa çatmamış Norris Antonelliyə hücum edərək ikinci yerə yüksəlib. Lakin Antonelli qısa müddət sonra mövqeyini geri qaytarıb. Fürsətdən istifadə edən Corc Rassell də McLaren pilotunu geridə qoyaraq komanda yoldaşının arxasında üçüncü pilləyə yüksəlib.
Bu vaxt Həmilton Antonelli ilə arasındakı fərqi 1 saniyəyə qədər artırıb.
Mercedes pilotları ilə Norris arasında ikincilik uğrunda mübarizə bir neçə dövrə davam edib. Daha sonra Ferstappen də onlara çataraq bu mübarizəyə qoşulub.
Təxminən 5-ci dövrədə Antonelli tədricən lider Həmiltona yaxınlaşmağa başlayıb. Həmin anda Norris üçüncü, Ferstappen isə Rasselli keçərək dördüncü yerdə qərarlaşıb.
Bir neçə dövrə sonra Antonelli fərqi tamamilə bağlayıb və 8-ci dövrədə Həmiltonu geridə qoyaraq yarışın yeni liderinə çevrilib.
Arxa sıralarda isə Serxio Peres, Fernando Alonso ilə mübarizə zamanı yaşanan insidentə görə 10 saniyəlik cəza alıb.
Qalan dövrələrdə Antonelli üstünlüyünü daha da artıraraq damalı bayrağı ilk keçən pilot olub və sprint yarışının qalibi adını qazanıb. Podiumda ona Lyuis Həmilton və Lando Norris qoşulublar.
İlk beşliyi Corc Rassell və Şarl Lekler tamamlayıblar. Maks Ferstappen altıncı, Oskar Piastri isə yeddinci yeri tutub.
| № | Pilot | Komanda | Fərq | Pit-stop |
|---|---|---|---|---|
| 1 | K. Antonelli | Mercedes | – | 0 |
| 2 | L. Hamilton | Ferrari | +2.745 | 0 |
| 3 | L. Norris | McLaren | +9.783 | 0 |
| 4 | C. Rassell | Mercedes | +10.639 | 0 |
| 5 | Ş. Lekler | Ferrari | +12.620 | 0 |
| 6 | M. Ferstappen | Red Bull | +16.550 | 0 |
| 7 | O. Piastri | McLaren | +17.551 | 0 |
| 8 | L. Louson | Racing Bulls | +30.233 | 0 |
| 9 | A. Hədcar | Red Bull | +30.953 | 0 |
| 10 | A. Lindblad | Racing Bulls | +35.110 | 0 |
| 11 | P. Qasli | Alpine | +40.273 | 0 |
| 12 | F. Kolapinto | Alpine | +41.026 | 0 |
| 13 | N. Hülkenberq | Audi | +41.680 | 0 |
| 14 | Q. Bortoleto | Audi | +42.499 | 0 |
| 15 | O. Birman | Haas | +45.784 | 0 |
| 16 | E. Okon | Haas | +49.810 | 0 |
| 17 | K. Sayns | Williams | +50.379 | 0 |
| 18 | A. Elbon | Williams | +50.757 | 0 |
| 19 | V. Bottas | Cadillac | +75.117 | 0 |
| 20 | F. Alonso | Aston Martin | +91.872 | 0 |
| 21 | L. Stroll | Aston Martin | +1 dövrə | 1 |
| 22 | S. Peres | Cadillac | +1 dövrə | 1 |




Şərh əlavə et