Britaniya Qran Prisi ərəfəsində Formula 1-də qapalı qapılar arxasında ödənişlə bağlı narazılıq yaranıb. Bu fikir ayrılığı hətta Lyuis Həmiltonu bazar günü keçiriləcək LEGO pilot paradını boykot etməyi düşünməyə vadar edib.
The Telegraph nəşrinin məlumatına görə, aralarında Həmiltonun da olduğu bəzi pilotlar LEGO yarışı kimi marketinq tədbirlərində ödənişsiz iştirak etmək istəmirlər. Onlar Britaniya Qran Prisi həftəsonunun əvvəlində elan olunan bu sponsor tədbirinə əlavə ödəniş almadan qatılmağa etiraz edirlər.
Planlaşdırılan tədbir bazar günü yarışdan dərhal əvvəl baş tutacaq. Formula 1 pilotları 2026-cı il bolidlərinin rənglərinə uyğun hazırlanmış 22 kiçik LEGO avtomobili ilə trasda fəxri dövrə vuracaqlar.
Bu ideya ötən il Mayami Qran Prisi öncəsində keçirilən oxşar tədbirə əsaslanır. Həmin parad zamanı həm xaotik, həm də əyləncəli anlar yaşanmışdı.
Paddokda bu təşəbbüsə münasibət birmənalı deyil. Bəzi pilotlar tədbiri səbirsizliklə gözləyərkən, digərləri buna o qədər də isti yanaşmırlar. Yeddiqat dünya çempionu Lyuis Həmilton isə açıq şəkildə tədbirdə iştirak etməyə biləcəyinin siqnalını verib.
Cümə axşamı jurnalistlərə danışan Həmilton vəziyyətə zarafatla belə münasibət bildirib: “Həftəsonunun ən təhlükəli hissəsi məhz budur. Keçən dəfə sükanı Şarla vermişdim və hamının bir-birinə çırpıldığını izləmək həqiqətən çox gülməli idi. Ona görə də bu il LEGO maşınına minib-minməyəcəyimi bilmirəm”.
Niyə iştirak etməyə biləcəyi soruşulduqda isə britaniyalı pilot qısa cavab verib: “Bu barədə deyiləcək çox şey yoxdur. Bu, öz aramızda həll etməli olduğumuz məsələdir”.
The Telegraphın yazdığına görə, pilotlar əlavə ödəniş almadan getdikcə çoxalan media və marketinq tədbirinə qatılmağa məcbur qaldıqları üçün narazıdırlar.
Həmilton yarışmayacağına eyham vursa da, Ferrari komandasından Britaniya Qran Prisinin doqquzqat qalibinin tədbirdə iştirak edəcəyi təsdiqlənib.

Sponsor tədbirinə mənfi yanaşan yeganə pilot Həmilton olmayıb. Red Bull pilotu Maks Ferstappen də mövqeyini açıq ifadə edib: “Mən bu məsələyə qarışmayacağam. Deməli olduqlarımı artıq demişəm. Yeni nəsə olsa və ya nəsə dəyişsə, bunu başqasından yox, məndən eşidəcəksiniz.
Mən sadəcə komandamla işimə fokuslanmışam. Yüksəlişdəyik və bunu görmək xoşdur. Avstriyada həqiqətən müsbət həftəsonu keçirdik və indi bunun üzərinə qoymağa çalışırıq. Rəqabət böyükdür, ancaq biz bura sadəcə daha sürətli olmaq üçün gəlmişik”.
Ləns Stroll da bu ideyaya böyük həvəs göstərməyib: “Mənim üçün fərqi yoxdur. Buna görə yuxum qaçmayacaq. Səhər tezdən bu tədbir üçün həyəcanla oyanmayacağam. Adi pilot paradlarından biridir”.
Bununla belə, bəzi pilotlar LEGO tədbirinə kifayət qədər müsbət yanaşıblar. Son dünya çempionu Lando Norris deyib: “Əslində bunu səbirsizliklə gözləyirəm. Əgər Mayamidəki kimi olacaqsa, start xəttinə salamat qayıdan artıq qalib sayılır. Məncə, bu, çox maraqlı və fərqli ideyadır. Adi pilot paradında da birlikdə söhbət etmək və azarkeşlərlə görüşmək gözəldir, amma arabir belə fərqli şeylər etmək də yaxşıdır. Yəni təhlükəsiz olduğu və hamımız qaydalara əməl etdiyimiz müddətdə – etməliyik də – çox əyləncəli olacaq”.
Ötən il Mayamidəki LEGO paradında iştirak etməyən Valtteri Bottas isə bu dəfə daha çox texniki tərəfə diqqət yetirib: “Həqiqətən çox həyəcanlıyam, çünki ötən il Mayamidə bunu qaçırmışdım. Kənardan baxanda çox əyləncəli görünürdü. Hamının sürəti saatda 25 km-lə məhdudlaşdırılıb. Düşünürəm ki, əsas məsələ maşınlar arasındakı məsafəni qorumaq olacaq”.




Şərh əlavə et