Xəbəri Kokpitdə Oxuyun!

Pirelli: Hər şey gözlədiyimiz kimidir

Pirelli Böyük Britaniya Qran Prisinin ilk gününün yekunlarını açıqlayıb. Şirkət bildirib ki, Silverstounda təkərlərin davranışı əvvəlcədən gözlənilən ssenariyə uyğun inkişaf edir.

Pirelli Motorsport-un direktoru Dario Marrafuski: “Silverstoundakı yarış həftəsonu təkərlərin işi baxımından tam gözlədiyimiz kimi keçir. Bununla yanaşı, yerli azarkeşlər də sevimli pilotları Lyuis Həmiltonun sprint təsnifatında poul qazanmasına sevinərək gözəl hədiyyə aldılar.

Yeganə sərbəst yürüşün ilk hissəsində komandalar indiyədək yalnız Suzukada istifadə olunan C1 tərkibli təkərləri daha yaxından tanımağa çalışırdılar. C2 və C3 tərkibləri isə əsasən qısa seriyalarda, sürət üzərində işləyərkən istifadə olundu. Bu da komandaların həftəsonunun qalan hissəsi üçün faydalı məlumat toplamasına imkan verdi.

Bu gün keçirilən hər iki sessiyada təkərlərin aşınması gözlədiyimiz səviyyədə oldu. Eyni yanacaq yükü ilə Medium və Soft tərkibləri arasındakı sürət fərqi təxminən dörd onluq saniyə təşkil etdi. Bu, hesablamalarımızdan təxminən 0.1 saniyə azdır.

Bu gün sprint yarışında komandaların hansı təkər tərkiblərinə üstünlük verəcəyini izləmək maraqlı olacaq. Biz hesab edirik ki, xüsusilə də start düzülüşünün ikinci yarısından yarışa başlayacaq pilotlar üçün yumşaq təkərlərlə strategiya da uğurlu nəticə verə bilər”.

Rauf Hacıyev

Şərh əlavə et