Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Azarkeşlər 0.2 saniyə qazandırır

Silverstounda sprint təsnifat mərhələsi son dərəcə gərgin mübarizə şəraitində keçib. Ən sürətli nəticəni isə doğma azarkeşləri önündə çıxış edən Lyuis Həmilton göstərib.

Kimi Antonelli britaniyalı sürücüdən cəmi 0,011 saniyə geri qalaraq ikinci olub. Maks Ferstappen üçüncü, Həmiltonun Ferrari-dəki komanda yoldaşı Şarl Lekler isə dördüncü nəticəni göstərib.

Lyuis Həmilton: “Bu trası sevirəm, bu azarkeşləri sevirəm. Bu günə qədər də burada uğur qazanmağı nə qədər arzuladığımı sözlə ifadə edə bilmirəm. Yarışa hazırlaşarkən hər döngəni düşünürəm. Maşın düzgün sazlananda, güclü komandan olanda ritm tapmaq inanılmaz hissdir.

Bu gün maşın özünü əla aparırdı. Buna görə Maranellodakı bütün əməkdaşlara təşəkkür edirəm. Bizim işimiz sadəcə hücumu davam etdirməkdir. Bu mərhələ üçün kiçik texniki yeniliklər hazırlamışıq. Əslində komanda hər yarış həftəsonu nəsə yenilik gətirir və hamı maksimumunu verir.

Bu poul üçün hamıya həqiqətən minnətdaram! Bütün sessiyalarda sürətli idim, amma rəqibləri cəmi 0.001 fərqlə qabaqladım. Deməli, mübarizə inanılmaz dərəcədə sıx idi. Komandamız bu uğura layiq idi.

Britaniyalı azarkeşlərin dəstəyi insana ən azı 0.2 saniyə qazandırır! Mercedes və Red Bull-u qabaqladıq, baxmayaraq ki, onların maşınları daha güclüdür. Mercedes mövsüm boyu çox yaxşı çıxış edir, lakin mənim komandam da mübarizədən əl çəkmir və bununla fəxr edirəm.

Hər yarışda belə nəticələr göstərə bilməyəcəyik. Açığı, Silverstounda da ilk sıraya çıxacağımızı gözləmirdik. Buna görə də bu poul bizim üçün möhtəşəm sürpriz oldu. Sadəcə heyranam!”

Rauf Hacıyev

Şərh əlavə et