Formula 1-in 2026-cı il texniki reqlamenti bu həftəsonu Britaniya Qran Prisində ən ciddi sınaqlarından biri ilə üzləşəcək.
Son yarışlar enerji bərpası baxımından daha az problem yaradan traslarda keçirildiyi üçün bu məsələ bir qədər arxa planda qalmışdı. Lakin Serxio Peres Silverstounu mövcud qaydaların “ən böyük sınağı” adlandırıb, Maks Ferstappen isə yeni nəsil bolidlərlə Silverstounu simulyatorda sürərkən “gülməyə bilmədiyini”, amma bunun əyləncədən qaynaqlanmadığını deyib.
2026-cı il texniki qaydalarının ən böyük paradoksu ondan ibarətdir ki, pilotların ən çox sevdiyi tras xüsusiyyətləri eyni zamanda güc qurğuları üçün ən problemli şəraiti yaradır.
Sürətli, axıcı və yüksək sürətli döngələrin üstünlük təşkil etdiyi traslar yeni nəsil hibrid güc qurğularının enerji bərpası baxımından ciddi çatışmazlıq yaradır.
2026-cı il güc qurğularının batareyalarını yenidən doldurması üçün güclü əyləcləmə nöqtələrinə ehtiyac var. Lakin Silverstoun mövsümün tam qazla keçilən hissələrinin ən çox olduğu traslardan biri olduğuna görə belə əyləcləmə zonaları çox azdır.
Bunun əvəzinə pilotlar, Fernando Alonsonun da qeyd etdiyi kimi, uzun düzlüklərdən əvvəl yerləşən yüksək sürətli döngələri “enerji doldurma məntəqəsi” kimi istifadə etməli olacaqlar.
Bu isə o deməkdir ki, Kops, Maqqots, Bekkets və Stou döngələri bu həftəsonu alışılmışdan tam fərqli şəkildə keçiləcək.
2026-cı qaydalarının ən böyük zəifliyi bolidlərin uzun müddət əyləc etmədən tam qaz hərəkət etdiyi hissələrdə üzə çıxır.
Məhz bu səbəbdən mövsümün əvvəlində çox müzakirə olunan “super clipping” problemi yaranmışdı. Bolid tam qaz hərəkət etməyə davam edərkən eyni vaxtda batareyanı doldurmağa çalışır və nəticədə düzlüklərdə performans itirir.
Sıralanma turunda tətbiq edilən enerji idarəetmə dəyişiklikləri bu problemi böyük ölçüdə azaltsa da, Silverstoun indiyədək bunun ən çətin sınağı ola bilər.
Normal şəraitdə pilotlar 1 və 2-ci döngələri tam qaz keçdikdən sonra 3-cü döngədə güclü əyləc edirdilər. Bu həftəsonu isə vəziyyət fərqli olacaq.
Pilotların Vellinqton düzlüyünə çatmamış batareyanı doldurmaq üçün ilk sürətli döngələrdə enerji bərpasına başlaması gözlənilir. Çünki 5 və 6-cı döngələr arasındakı Vellinqton düzlüyündə kifayət qədər elektrik enerjisinin olması dövrə vaxtına birbaşa təsir göstərəcək.
Bruklends döngəsi mühüm enerji bərpası nöqtəsi olsa da, əsas dəyişiklik Kops döngəsindən sonra başlayacaq.
Ötən il poul qazanan Lando Norris Kops döngəsini saatda 300 km-dən çox sürətlə tam qaz keçmişdi. İlk proqnozlara görə, bu döngə artıq xeyli aşağı sürətlə keçiləcək.
Bununla belə, xüsusilə sıralanma turunda Kopsun yenə də böyük ölçüdə tam qaz keçilməsi ehtimal olunur. Pilotların Kops çıxışında qısa müddət elektrik enerjisindən istifadə etməsi gözlənilir. Lakin ardınca gələn Maqqots–Bekkets döngələri artıq tamamilə başqa məqsədə xidmət edəcək. Əvvəllər maksimum sürətlə keçilməyə çalışılan bu hissədə indi batareya yenidən doldurulacaq. Səbəb isə Hangar düzlüyüdür.
Pilotlar bu uzun düzlüyün başlanğıcında mümkün qədər çox elektrik enerjisindən istifadə etməlidirlər. Maksimum sürətə ən qısa zamanda çatmaq dövrə vaxtının əsas amillərindən birinə çevrilib.
Lakin Laffild ilə Stou arasında demək olar ki, güclü əyləcləmə nöqtəsi olmadığı üçün batareyanı doldurmağın yeganə yolu Maqqots və Bekketsdə sürətdən müəyyən qədər imtina etmək olacaq.
Döngələrdə həddindən artıq enerji sərf edən pilotlar Hangar düzlüyündə batareyalarını vaxtından əvvəl tükəndirəcək və bunun nəticəsində vaxt itirəcəklər.
Stou döngəsində də giriş sürətinin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Bunun əsas səbəbi isə enerji idarəetməsi deyil, 2026-cı il bolidlərinin daha az asfaltabasma qüvvəsi yaratmasıdır. FIA bu dəyişikliklərin mənfi təsirini azaltmaq üçün Silverstoun həftəsonunda enerji istifadəsi limitlərini aşağı salıb.
Yarışda maksimum enerji istifadəsinin 8 MJ, sıralama turunda isə 6,5 MJ olması gözlənilir. Hər iki göstərici Barselonadakı limitdən 0,5 MJ aşağıdır.
Buna baxmayaraq, bolidlərin uzun düzlüklərin sonlarında yenə də “super clipping” problemi yaşaması gözlənilir. Lakin Mayamidə edilən dəyişikliklər sayəsində bunun mövsümün əvvəlində proqnozlaşdırıldığından daha zəif hiss ediləcəyi bildirilir.
Son yarışlarda komandalar, xüsusilə sıralanma turunda, bir-birinə çox oxşar enerji strategiyalarından istifadə ediblər. Yarışda isə vəziyyət fərqlidir. Pilotlar ötmə cəhdləri zamanı müxtəlif enerji paylanması strategiyalarına üstünlük verə bilirlər.
Silverstounda təkər aşınmasının ötən həftə keçirilən Avstriya Qran Prisi ilə müqayisədə xeyli az olacağı gözlənildiyindən, ötmə mübarizələrində güc qurğusunun rolu daha da artacaq.
Lakin trasın enerji bərpası baxımından çətin quruluşu maraqlı ssenari də yarada bilər.
Pilotlardan biri bir düzlükdə bütün elektrik enerjisindən istifadə edərək rəqibini ötə bilər. Amma növbəti düzlükdə batareyası boşaldığı üçün müdafiəsiz qalaraq mövqeyini geri itirə bilər. 2026-cı il mövsümündə “yo-yo yarışı” adlandırılan bu ssenarinin Silverstounda yenidən yaşanacağı ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.




Şərh əlavə et