McLaren
MCL40 bolidində ön əyləc hava kanalları yenilənib. Bu dəyişiklik hava axınının daha dəqiq idarə olunmasına və bolidin ön hissəsində aerodinamik yüklənmənin artırılmasına xidmət edir.
Bundan başqa, altlığın ön hissəsində də dəyişikliklər edilib. Buradakı əlavə aerodinamik elementlərin yerləşmə həndəsəsi yenidən işlənərək hava axınının səmərəliliyi artırılıb.
Red Bull Racing
RB22 bolidində arxa təkərlərlə korpus arasındakı hissəyə əlavə kiçik qanadcıqlar yerləşdirilib.
Komandanın açıqlamasına görə, bu yenilik aerodinamik yüklənməni artırmaqla yanaşı, bolidin sabitliyini də yaxşılaşdırmalıdır.
Ferrari
SF-26-nın arxa hissəsində soyutma sisteminə aid elementlər yenilənib. Əyləc hava kanallarının giriş və çıxış dəlikləri böyüdülüb, həmin zonadakı əlavə aerodinamik elementlərin quruluşu da dəyişdirilib.
Ferrari bildirir ki, məqsəd həm soyutma səmərəliliyini artırmaq, həm də ümumi aerodinamik performansı yaxşılaşdırmaqdır.
Williams
Komandanın Silverstoun üçün hazırladığı yeganə yenilik ön qanaddır. Aleks Elbon daha əvvəl bildirmişdi ki, yenilik böyük olmasa da, simulyator nəticələri balansın yaxşılaşacağına ümid verir.
Komandanın rəsmi açıqlamasında deyilir: “Ön qanadın həndəsəsi, qanad səthləri və ucluq lövhələri yenilənib. Məqsəd lokal aerodinamik yüklənməni artırmaq və müxtəlif hava axınlarının qarşılıqlı təsirini optimallaşdırmaqdır”.
Racing Bulls
Liam Louson və Arvid Lindblad-ın istifadə etdiyi VCARB 03 bolidində altlığın ön hissəsi və diffuzor təkmilləşdirilib. Bu dəyişikliklər şassi ətrafındakı hava axınını optimallaşdıraraq aerodinamik səmərəliliyi artırmalıdır. Bundan əlavə, həmin zonadakı deflektorların həndəsəsi də yenidən işlənib.
Haas
Amerika komandası arxa qanadın profilini ciddi şəkildə yeniləyib. Əsas diqqət hərəkətli qanad elementinin həndəsəsinin optimallaşdırılmasına yönəlib. Bu dəyişiklik yüksək sürətlərdə ümumi aerodinamik səmərəliliyi qorumaqla daha çox asfaltayatma qüvvəsi yaratmağa imkan verir.
Arxa qanadın ucluq lövhələrinə xüsusi formalı çıxıntılar da əlavə olunub. Onların məqsədi yuxarı istiqamətlənən hava axınına müsbət təsir göstərərək həmin zonada yaranan aerodinamik yüklənməni artırmaqdır.




Şərh əlavə et