Yeddiqat Dünya Çempionu İspaniya Qran Prisində 2024-cü il Belçika Qran Prisindən bəri ilk qələbəsini qazanaraq Ferrari ilə də ilk zəfərinə imza atmışdı.
Lakin Həmilton Avstriya Qran Prisində gözlədiyi nəticəni əldə edə bilmədi. Yarışa üçüncü yerdən başlayan britaniyalı pilot ilk dövrələrdə liderlik uğrunda mübarizə aparsa da, yarışın gedişində geriləyərək damalı bayrağı beşinci sırada keçmişdi.
Silverstoun mərhələsi öncəsində danışan Həmilton bildirib ki, Avstriya Qran Prisi Ferrari üçün reallıq yoxlaması olub: “Bundan əvvəl yaxşı nəticələr əldə etmişdik. Amma Avstriyada da gördüyünüz kimi, düzlük hissələrdə çox vaxt itiririk. Bunu döngələrdə kompensasiya etmək çox çətindir. Lakin düşünürəm ki, ümumilikdə çox yaxşı bolidimiz var. Hazırda etməli olduğumuz əsas şey işləməyə davam etmək, əlimizdə olan imkanlardan maksimum yararlanmaq və fərqi bağlayana qədər mümkün qədər çox xal toplamaqdır”.
Həmilton Silverstounun sürətli döngələrinin Ferrari-yə üstünlük verə biləcəyi fikri ilə bağlı da danışıb və əsas problemin uzun düzlük hissələr olacağını vurğulayıb: “Məncə, bu həftəsonu enerji istifadəsinin ən kritik rol oynayacağı yarış olacaq. Bütün pilotlar öz aramızda bunu müzakirə edirik. Bu trasda güc baxımından ciddi çətinlik yaşayacağıq.
Mühərriyi enerji ilə doldura biləcəyiniz cəmi bir neçə döngə var. Buna görə də dövrənin böyük hissəsində elektrik dəstəyi olmayacaq və ən çox məhz burada əziyyət çəkəcəyik. Hətta hazırkı performans fərqi ikiqat da arta bilər”.
Çempionluq mübarizəsinə də toxunan Həmilton Ferrari-nin hələ də əsas rəqiblərinə çatmalı olduğunu bildirib.
Zarafatla danışan britaniyalı pilot deyib: “Gedib Mercedes qarajında onların bolidlərinin boltlarını sökməkdən başqa əlimdən gələn elə də çox şey yoxdur!”
Həmilton sözlərini belə davam etdirib: “Mercedes möhtəşəm komandadır və hazırda bunu açıq şəkildə nümayiş etdirir. Red Bull da son yarışda çox böyük addım atdı. Buna görə Maksın da çox ciddi rəqib olacağını düşünürəm. Güc qurğusu baxımından da onlar Mercedes səviyyəsindədirlər
Amma komanda olaraq inanmağa, sakit qalmağa və işləməyə davam etməliyik. Hər həftəsonu əlimizdən gələn maksimum performansı göstərməliyik. Hətta mümkünsə, bolidin potensialından da bir qədər artıq nəticə çıxarmalıyıq. Komandadakı hər kəs inanılmaz motivasiyalıdır və əlindən gələni edir. Mənim istəyə biləcəyim yeganə şey də budur”.




Şərh əlavə et