Formula 1 rəhbərliyi azarkeşlər üçün nəzərdə tutulan yaradıcı layihələrinə daha bir yenisini əlavə edir. Ötən il Mayami Qran Prisində böyük maraq doğuran LEGO nümayişindən sonra tərəfdaşlıq bu dəfə daha da irəli gedərək Silverstounda bütün 22 pilot üçün xüsusi mini LEGO avtomobilləri hazırlayıb. Hər bolid komandaların 2026-cı il dizaynına, loqotiplərinə və pilotların yarış nömrələrinə uyğun şəkildə hazırlanıb. Mini avtomobillər yarışın startına təxminən 1,5 saat qalmış trasda nümayiş etdiriləcək.
Layihə Çexiyanın Kladno şəhərində yerləşən LEGO zavodunda 20 nəfərlik dizayner, mühəndis və mütəxəssis heyəti tərəfindən hazırlanıb. Bütün prosesə ümumilikdə 6400 saat sərf olunub.
LEGO Formula 1 mini avtomobillərinin xüsusiyyətləri:
- Hər avtomobildə 28 mindən çox orijinal LEGO detalı və hərəkəti təmin edən mexaniki komponentlər istifadə olunub.
- Xüsusi hazırlanmış bu avtomobillər kartinq təkərləri ilə təchiz edilib və saatda 25 kilometr sürət yığa bilir.
- Avtomobillərin ümumi çəkisi 280 kiloqramdır. Bunun 65 kiloqramını yalnız kuzovda istifadə olunan LEGO detalları təşkil edir.
Formula 1-in kommersiya direktoru Emili Preyzer layihə barədə bunları deyib: “Ötən il Mayamidə keçirilən pilot paradı mövsümün ən yaddaqalan və ən çox müzakirə olunan anlarından biri olmuşdu. Bu, idmanımızın fərqli tərəfini nümayiş etdirərək bütün dünyadakı azarkeşlərin təxəyyülünü cəlb etmişdi.
Bu mövsüm həm Silverstoundakı, həm də ekran qarşısındakı azarkeşlər üçün bu möhtəşəm şounu daha da irəli aparırıq. Formula 1 və LEGO dünyasını bir araya gətirmək, innovasiya, yaradıcılıq və əyləncəni bütün yaş qruplarından olan azarkeşlər üçün ilham mənbəyinə çevirmək çox xüsusi hissdir”.
LEGO Qrupunun məhsul və marketinq direktoru Culiya Qoldin isə bildirib: “Ötən il həm pilotlardan, həm də azarkeşlərdən gələn möhtəşəm reaksiyanı görməzlikdən gələ bilməzdik. Hamı daha çoxunu istəyirdi və biz də bunu reallaşdırdıq.
Ötən illə müqayisədə daha böyük sürpriz hazırlamaq istədik. Pilotların bu mini avtomobillərlə trasa çıxanda nələr edəcəyini görmək üçün səbirsizlənirik”.




Şərh əlavə et