Bu mövsüm Formula 1-ə qoşulan Cadillac Silverstounda ənənəvi qara rəng üstünlük təşkil edən dizaynından imtina edərək qırmızı, ağ və mavi rənglərdən ibarət “Stars and Stripes” (Ulduzlar və Zolaqlar) mövzulu xüsusi görünüşlə yarışacaq. Bununla da komanda öz ev yarışları üçün xüsusi rəng çaları hazırlayan McLaren və Williams-ın yolunu davam etdirəcək.
Lakin McLaren və Williams bu xüsusi dizaynları öz ev yarışlarını qeyd etmək məqsədilə hazırladığı halda, Cadillac Britaniyada yarışmasına baxmayaraq, ABŞ-ın müstəqilliyinin 250 illiyini qeyd etməyi seçib.

Britaniya Qran Prisinin sprint yarışı və sıralama turu ABŞ-da Müstəqillik Günü kimi qeyd olunan 4 iyul tarixində keçiriləcək. Bu il ABŞ Konqresinin Müstəqillik Bəyannaməsini qəbul etməsinin 250 illiyi qeyd olunur və Cadillac-ın MAC-26 bolidi həftəsonu ərzində tamamilə qırmızı, ağ və mavi rənglərdən ibarət xüsusi dizaynla yarışacaq. Yenilənmiş görünüşdə ön qanadda və mühərrik qapağında Amerika bayrağını simvolizə edən ulduzlar və zolaqlar da yer alacaq.
Yeni rəng çaları yalnız Valtteri Bottas və Serxio Peresin bolidlərində deyil, həmçinin Silverstoundakı komanda qarajında, pilotların dəbilqələrində və komandanın geyimlərində də istifadə olunacaq.
Cadillac Formula 1 Team Holdings-in baş icraçı direktoru Den Tauriss mövzu ilə bağlı bunları deyib: “4 iyul həftəsonu Formula 1-in qlobal səhnəsində Amerika Birləşmiş Ştatlarını təmsil etməkdən qürur duyduğumuzu bir daha göstərmək üçün mühüm fürsətdir. Eyni zamanda bunu yeni azarkeş kütləsinin bu idman növünü kəşf etməsi və Formula 1-ə olan sevgimizi paylaşmaq üçün də bir imkan kimi görürük”.

Serxio Peres isə həftəsonu barədə belə danışıb: “Silverstounda bizi çətin bir həftəsonu gözləyir. Görünən odur ki, yenə yüksək temperatur şəraitində yarışacağıq. Amma inanıram ki, bu komanda düzgün yolu tapa biləcək təcrübəyə və dözümlülüyə malikdir.
Həftəsonunu səbirsizliklə gözləyirəm və ümid edirəm ki, amerikalı azarkeşlərimizə 4 iyulu qeyd etmək üçün daha bir səbəb verə biləcəyik”.





Şərh əlavə et