2026-cı il Britaniya Qran Prisi Shell və Ferrarinin Formula 1-də ilk ortaq qələbəsinin 75 illiyini qeyd edir. Bu əməkdaşlıq sadəcə sponsorluqdan ibarət deyil, hər iki markanın həm yol avtomobillərinin, həm də yarış performansının inkişafına töhfə verən dərin texniki tərəfdaşlığa əsaslanır.
Shell-in avtoidman üzrə baş alimi Valeriya Loreti bildirib ki, Formula 1 layihəsi şirkət üçün brend təqdimatından daha böyük məna daşıyır. O, Maranellodakı zavoddan yarış həftəsonlarınadək uzanan əməkdaşlığı belə izah edib: “Shell loqosu nəsillərdir Ferrari bolidlərinin üzərində yer alır. Amma bu əməkdaşlığın əsl dəyəri hər gün pərdəarxasında həyata keçirilən texniki işlərdə gizlidir. Shell və Ferrari komandanın güc qurğusu üçün xüsusi hazırlanmış yanacaq və yağların hazırlanması istiqamətində birlikdə çalışırlar. Hamburqdakı texnologiya mərkəzimizdə və qlobal tədqiqat-inkişaf şəbəkəmizdə çalışan alimlərimiz Ferrari mühəndisləri ilə birlikdə məlumatları təhlil edir, sınaq proqramları həyata keçirir, performansı, səmərəliliyi və etibarlılığı artıracaq yeni formulalar hazırlayırlar. Buna görə də biz bunu sponsorluqdan çox, ‘İnnovasiya Tərəfdaşlığı’ adlandırırıq”.
Shell-in Formula 1 proqramı hər il 110-dan çox texniki mütəxəssisin 38 mindən artıq saatlıq işini əhatə edir. Onların bir hissəsi hər yarış zamanı daşına bilən tras laboratoriyası vasitəsilə Ferrari-nin əməliyyatlarına birbaşa dəstək verir.
Loreti bu prosesin əhəmiyyətini belə izah edib: “Mütəxəssislərimiz yarış həftəsonu ərzində yanacaq və yağ nümunələrini təhlil edir, məhsulların performansını və reqlamentə uyğunluğunu təsdiqləyirlər. Trasda əldə olunan məlumatlar və analizlər eyni anda paylaşılır. Bu, komandanın mühərriyinin vəziyyətini daim izləməsinə, performansı optimallaşdırmasına və etibarlılıqla bağlı düzgün qərarlar verməsinə kömək edir”.
Formula 1-də 2026-cı ildə qüvvəyə minən yeni güc qurğusu qaydaları yanacaq təchizatçılarını tamamilə sintetik yanacaqlardan istifadə etməyə məcbur edib. Loreti bildirib ki, bu keçid texniki baxımdan olduqca mürəkkəb proses olub: “Sintetik yarış yanacağı hazırlamaq üçün bütün təchizat zəncirinə yenidən baxmalı olduq. İnkişaf proqramı çərçivəsində iki milyondan çox yanacaq simulyasiyası həyata keçirdik. Əsas çətinlik sadəcə sintetik yanacaq hazırlamaq deyildi. Əsas məqsəd Formula 1-in və Ferrari-nin yeni güc qurğusunun tələb etdiyi performansı, səmərəliliyi və etibarlılığı tam şəkildə təmin etmək idi”.
2026-cı il reqlamenti mövsüm ərzində texniki inkişaf imkanları yaradan ADUO (Əlavə İnkişaf və Yenilənmə Fürsətləri) sistemini də əhatə edir. Ferrari bu sistem çərçivəsində ilk mühərrik yenilənməsini ötən Avstriya Qran Prisində istifadəyə verib.
Loreti bildirib ki, güc qurğusu inkişaf etdikcə yanacaq və yağ formulaları da paralel şəkildə yenilənir. “Həm yarış yanacağımız, həm də yağlarımız mövcud güc qurğusunun həssas tələblərinə uyğun hazırlanır. Güc qurğusu inkişaf etdikcə biz də formulalarımızı davamlı şəkildə yeniləyir və optimallaşdırırıq. Bu ortaq inkişaf yanaşması sayəsində istifadə olunan mayelər hər zaman ən son mühərrik konfiqurasiyası ilə tam uyğun işləyir və paketdən maksimum performans əldə olunur”.




Şərh əlavə et