Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen Meksikada qələbə qazanaraq, Prosta çatıb

Mexikoda ardıcıl 3 Amerika yarışı arasında sprint formatının olmadığı yeganə həftəsonu baş tutub.

Kokpit.az bildirir ki, buna görə də, komandalar əsas yeniliklərini məhz burada yoxlayıblar, baxmayaraq ki, Rodrigez qardaşları adına tras dəniz səviyyəsindən olduqca yüksəkdə yerləşir və ekstermal şəraitlər bəxş edir.

Hər 3 məşqdə protokollara başçılıq edən Maks Ferstappen sıralanma turunda Ferrari-dən olan həmkarlarına uduzub – Şarl Lekler uzun müddətdir qələbə qazana bilməsə də, poulları sıralayır.

Yarışa ən öndən Ferrari sürücüləri, ikinci cərgədən Ferstappen və Rikkardo, üçüncü cərgədən isə Peres və Həmilton başlayıblar. Pirelli bura ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Elbon və Okon sərt, Norris yumşaq, qalanları isə orta təkərlərlə start almağı üstün tutublar.

Startda Ferstappen əla reaksiya ilə liderliyə yüksəlib. Peres də yaxşı tərpənib, lakin ilk döngədə yol verdiyi səhv yarışın onun üçün erkən bitməsinə səbəb olub – Leklerlə toqquşan Peresin asılqanı qırılıb və boksa qayıdaraq yarışdan çəkilib.

Tras sürətli olsa da, ötmələr asan olmayıb. Hətta DRS ilə Rikkardoya hücumlar edən Həmilton uzun müddət onu keçməkdə çətinlik çəkib. Pit-stop dalğası 20-ci dövrənin əvvəllərində başlayıb.

Maqnussen 33-cü dövrədə qəzadan sonra asılqandakı nasazlığa görə yarışı yarımçıq dayandırıb. Qoruyucu sədd zədələndiyi üçün mübarizə qırmızı bayraqlarla dayandırılıb. Fasilə 22 dəqiqə davam edib.

Həmilton, Piastri, Rassell, Hülkenberq, Norris, Elbon, Okon və Sarcent yarışın qalan hissəsi üçün Medium, qalanları isə Hard təkərləri seçiblər. Ferstappen liderliyini qoruyub, Norris bir neçə yer itirib.

Piastri Rikkardoya hücum etməsi üçün daha sürətli komanda yoldaşını irəli buraxıb. Bottas və Strollun təması ikincinin yarışı yarımçıq dayandırması ilə nəticələnib. Alonso mexaniki problemlərə görə yarışdan çəkilib.

Yarışın qalan hissəsi sakit keçib. Son dövrədə isə Həmilton gözlənilmədən sürətli dövrə vuraraq əlavə 1 xalı özünə təmin edib.

Maks Ferstappen mövsümdə 16-cı qələbəsini qazanaraq bir mövsümdəki zəfər sayına görə yeni rekord müəyyən edib. Bu, niderlandlı sürücünün karyerasında 51-ci qələbədir və o, əfsanəvi Alen Prosta çatıb. Lyuis Həmilton ikinci olaraq Pereslə çempionatdakı fərqi yenidən azaldıb. Şarl Lekler isə üçüncü olaraq mövsümdə dördüncü poulunu qazanıb.

Mübarizə gələn həftə Braziliyada davam edəcək…

Rauf Hacıyev

Şərh əlavə et