Xəbəri Kokpitdə Oxuyun!

İddia: Red Bull-un baş mühəndisi Cadillac-a keçə bilər

İddialara görə, Red Bull-un ən təcrübəli simalarından biri olan baş mühəndis Pol Monaqan Milton Kins təmsilçisindən ayrılaraq Cadillac-a qoşulmağa hazırlaşır.

Monaqanın komandadan ayrıla biləcəyi ilə bağlı ilk iddialar bu həftənin əvvəlində Almaniyada yayımlanan bir podkastda səsləndirilib. Red Bull Ring paddokundakı çoxsaylı mənbələrin verdiyi məlumata görə, təcrübəli mühəndisin Red Bull-la vidalaşmağa hazırlaşdığı təsdiqlənib. Bildirilir ki, 58 yaşlı mütəxəssis Formula 1-ə yeni qoşulan Cadillac-ın mühəndislik şöbəsində rəhbər vəzifələrdən birini tutacaq.

Məlumata görə, Monaqan Aston Martin-dən də texniki departamentə rəhbərlik etməsi üçün cəlbedici təklif alıb. Lakin o, seçimində Cadillac-a üstünlük verib.

Yeni ünvanı böyük ölçüdə dəqiqləşsə də, bu ayrılığın nə vaxt baş verəcəyi hələ məlum deyil. Monaqan hazırda Red Bull-dakı vəzifəsini davam etdirir və tərəflərdən heç biri məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Müqaviləsindəki “garden leave” (işdən ayrıldıqdan sonra məcburi gözləmə müddəti) şərtlərinə görə, Monaqan 2026-cı ilin sonunda Red Bull-dan ayrılsa belə, Cadillac-da işinə ən tez 2027-ci ilin yayında və ya payızında başlaya bilər.

Məsələ ilə bağlı münasibəti soruşulan Red Bull Racing və Cadillac rəsmiləri isə hələlik şərh verməkdən imtina ediblər.

Pol Monaqan kimdir?

2005-ci ildə Red Bull-a qoşulan təcrübəli mühəndis komandanın qazandığı bütün dünya çempionluqlarında mühüm rol oynayıb. O, həm Sebastyan Fettelin ardıcıl dörd çempionluğunda, həm də Maks Ferstappenin liderlik etdiyi uğurlu dövrdə əsas fiqurlardan biri hesab olunur.

Formula 1 karyerasına 1990-cı ildə McLaren-in tədqiqat və inkişaf şöbəsində başlayan Monaqan daha sonra Devid Kulthardın məlumat mühəndisi kimi çalışıb.

2000-ci ildə Benetton-un Renault-ya çevrilməsi prosesində Enstoun mərkəzli komandaya keçərək yarış mühəndisi vəzifəsini icra edib. Burada Censon Batton və Fernando Alonso kimi pilotlarla işləyib.

Məhz Alonsonun yarış mühəndisi kimi, ispaniyalı sürücünün 2003-cü il Macarıstan Qran Prisində qazandığı ilk Formula 1 qələbəsində də birbaşa pay sahibi olub.

Jordan komandasında qısa müddət çalışdıqdan sonra 2005-ci ildə Red Bull-a keçən Monaqan karyerasının ən uğurlu illərini məhz burada keçirib.

Rauf Hacıyev

Şərh əlavə et