Ferrari bu mövsümdən tətbiq olunan ADUO sistemi çərçivəsində güc qurğusunun inkişafı üzərində işləməyə başlayıb. Aparılan qiymətləndirmələr nəticəsində Red Bull-un çempionatın ən güclü mühərriyinə sahib olduğu təsdiqləndiyindən, Ferrari-yə əlavə inkişaf hüquqları verilib.
Formula 1-in Əlavə İnkişaf və Yenilənmə İmkanları (ADUO) adlanan yeni sistemi sayəsində Ferrari 2026-cı il mövsümü üçün iki, 2027-ci il üçün isə daha iki olmaqla ümumilikdə dörd yeniləmə hüququ əldə edib.
Məlumatlara görə, Ferrari bu yeniləmələrdən birincisini Şpilberqdə yerləşən Red Bull Ring trasına gətirməyə hazırlaşır. Bunun üçün isə əvvəlcə FIA-dan rəsmi təsdiqin vaxtında alınması tələb olunur.
Maranello təmsilçisinin mühərrik yeniləməsinə yanacaq tərəfdaşı Shell tərəfindən hazırlanmış tamamilə yeni xüsusi yanacağın da müşayiət edə biləcəyi bildirilir. Yenilənmiş güc qurğuları təsdiq alınacağı təqdirdə dərhal bolidlərə quraşdırılması üçün artıq Avstriyaya göndərilib.
Texniki detallar məxfi saxlanılsa da, Ferrari-nin əsas məqsədi düzlüklərdə Mercedes-lə olan sürət fərqini azaltmaqdır. Bununla yanaşı, ADUO qərarından sonra Mercedes-in də öz güc qurğusunu yeniləmək hüququ qazandığını unutmaq olmaz.
İtaliya mətbuatında yeniləmənin qazancı ilə bağlı müxtəlif proqnozlar yer alıb. AutoRacer-in məlumatına əsasən, ilk ADUO paketi mühərriyə birbaşa 4-5 at gücü əlavə edə bilər. Shell-in yeni yanacağının isə buna əlavə olaraq 2-3 at gücü qazandıracağı gözlənilir. Bu da dövrə vaxtında təxminən 0,1 saniyədən bir qədər çox üstünlük deməkdir.
İnkişaf paketlərinin 2026-cı il mövsümündə çempionatın taleyinə ciddi təsir göstərəcəyi artıq aydındır. Xatırladaq ki, Barselonaya gətirilən səkkiz hissədən ibarət geniş yeniləmə paketi Lyuis Həmiltona Mercedes-in qələbə seriyasına son qoymağa imkan vermişdi.
SF-26 hazırda paddokda “çempionatın ən yaxşı şassisi” kimi qiymətləndirilir. Əgər Ferrari mühəndisləri mühərrik çatışmazlığını da aradan qaldıra bilsələr, bolidin Mercedes-i müntəzəm olaraq məğlub edə biləcək potensiala çatacağı düşünülür.
İspaniyadakı qələbədən sonra çıxış edən son Dünya Çempionu Lando Norris vəziyyəti belə dəyərləndirmişdi: “Hazırda Ferrari-nin daha güclü mühərriyə malik olmadığı üçün şanslıyıq. Əgər onların mühərriyi daha güclü olsaydı, hamını geridə qoyardılar. Hazırda döngələrdə ən yaxşı onlar görünürlər və biz buna yaxın da deyilik. Mühərrik tərəfdə də irəliləyiş əldə etsələr, hamını geridə qoya bilərlər”.
Paddokdakı iddialara görə, Ferrari daha böyük turbo konstruksiyasına malik ikinci ADUO yeniləməsini isə Niderland və ya İtaliya Qran Prisində istifadəyə verməyi planlaşdırır.




Şərh əlavə et