Frederik Vassyör: “Arzu gerçəkləşdi demək olarmı? Bilmirəm, amma bu, bütün komanda, Lyuis və Ferrari bazasında çalışan hər kəs üçün möhtəşəm gündür. Onlar aylardır inanılmaz tempdə işləyirlər və bu qələbə bütün zəhmətlərinin ən yaxşı mükafatı olub.
Əvvəlki ilyarım bizim üçün asan keçməyib, müəyyən nailiyyətlərimiz də olub, uğursuzluqlarımız da. Amma bu gün yarışı tam nəzarət altında saxlayaraq qalib gəldik, şənbə günü isə poul uğrunda mübarizə apardıq. Təkərlərin aşınmasına nəzarətin nə qədər vacib olduğunu anlayırdıq və Lyuis ideal hərəkət edib. Biz Qran Pri ərzində taktikanı düzəldirdik, o isə xahiş etdiyimiz anlarda tempi artırırdı. O, müstəsna dərəcədə güclü çıxış edib!
Aqressiv taktika seçdik, amma maşının sürəti qələbə uğrunda mübarizə aparmağa kifayət edəndə bunu özünə rəva görə bilərsən. Taktika dəqiq icra olundu. Hərçənd bu baxımdan digər yarışlarda da işlərimiz pis getmirdi, sadəcə o zaman belə təsirli temp göstərə bilmirdik və bu səyləri görmək daha çətin idi.
Amma ən vacibi odur ki, pilotlarla pit-uoll arasında tam etimad var və bu, əsas amilə çevrilib. Səhvlərə gəlincə, onlar həmişə mümkündür. Şarl Leklerin bəxti gətirməyib və finişə bir neçə dövrə qalmış mübarizəni dayandırmalı olub. Amma şübhə etmirəm ki, qarşıdakı yarışlarda o da Lyuislə birlikdə qələbələr uğrunda mübarizə aparacaq.
Hesab edirəm ki, virtual təhlükəsizlik maşını rejimi tətbiq olunmasaydı belə, bu yarışı qazanardıq, amma yəqin ki, bir qədər az üstünlüklə. Həmin mərhələdə təzə təkər komplekti əldə etdiyimiz üçün əlverişli vəziyyətdə idik. Lakin bu və ya digər ssenaridə hadisələrin necə inkişaf edə biləcəyini hesablamaq istəmirəm. Düşünürəm ki, biz onsuz da çox əlverişli vəziyyətdə idik.
Mövsümün Avropa hissəsinə əla başlamışıq. Barselonadan əvvəl Monako və Kanadada ardıcıl iki podiumumuz var idi, burada isə maşınımızın poul uğrunda mübarizə aparacaq qədər sürətli olduğunu sübut etdik. Bunların hamısı çox müsbət məqamlardır.
Bununla belə, artıq çempionluq yolunda olduğumuzu deməkdən çəkinmək vacibdir. Bir neçə həftə əvvəl uğursuzluğa düçar olduğumuzu demək olmazdı, bu gün isə hələ dünya çempionu olmamışıq. Əvvəl tətbiq etdiyimiz yanaşmanı qoruyub saxlamalıyıq. Barselona və Avstriya mərhələləri arasındakı dövrdə iş metodlarım dəyişməyəcək – sadəcə ona görə ki, hələlik yalnız bir yarış qazanmışıq. Komandanın bazasında nə qədər böyük iş görüldüyünü bilirəm və nə qədər inadla çalışdığımızı da bilirəm.
Lyuis hazırda sevincli emosiyalar yaşayır, komanda da həmçinin. Mənim işim isə hamını bir az sakitləşdirməkdir. Əlbəttə, bu uik-end onun öz gücünə inamının daha da möhkəmlənməsi üçün çox şey edilib, amma iki həftədən sonra Avstriyada hər şeyə yenidən başlamaq lazım gələcək”.




Şərh əlavə et