Xəbəri Kokpitdə Oxuyun!

P.Qasli: Orta qrupun ən yaxşısı olduq

Pyer Qasli Barselonada 14-cü yerdən start almasına baxmayaraq, 7-ci olub. Franko Kolapinto trasda 8-ci finişə çatsa da, cərimədən sonra 10-cu yerlə kifayətlənib.

Pyer Qasli: “Əgər cümə günü mənə desəydilər ki, yarışda 7-ci olacağam, buna mütləq razılaşardım! Bugünkü çıxışımdan çox razıyam, çünki demək olar, hər şeyi düzgün etdik və pis start mövqeyinə baxmayaraq, xal qazana bildik.Yekunda virtual təhlükəsizlik maşını (VSC) rejimi elan olunan vaxt sərt təkərlərə keçməyimiz və yarışın son mərhələlərində bir neçə pilotun mübarizəni dayandırması sayəsində irəli çıxdıq.

Biz yenə orta qrupun ən yaxşısı olduq və bu, bu gün dəyərli xallar qazanan komanda üçün pis nəticə deyil. Dünən hansı səviyyədə olduğumuzu nəzərə alsaq, bu, böyük nailiyyətdir. Hətta bu gün bəzi çətinliklər bizə mane olsa da, artıq onların həlli üzərində işləməyə başlamışıq.

Bizim üçün çox qeyri-sabit keçən həftə arxada qalıb və onu pis başa vurmadığımıza sevinirəm. Başa düşürük ki, liderlərdən geri qalmağımız hələ də böyükdür və onu azaltmaq üçün çalışmağa davam etməliyik. Amma indi bir qədər istirahət etmək, sonra isə iki həftə sonra keçiriləcək Avstriya Qran Prisinə hazırlığa başlamaq lazımdır”.

Franko Kolapinto: “Bu gün işlərimiz xeyli yaxşı getdi və komanda bunun qarşılığını aldı – hər iki maşınla xal qazandıq. Yəqin ki, bunu uik-endin əvvəlində gözləmirdik. Yarış şəraitində isə maşın daha xoş təsir bağışlayırdı və temp bizdən öndə start alan rəqiblərlə mübarizə aparmağa imkan verirdi.

Maşınla bağlı ciddi çətinliklərimiz var idi, amma komanda əla iş görüb və biz evə pis olmayan nəticə ilə qayıdırıq. Təkərlərin yüksək aşınmasına görə yarış çətin idi, lakin komanda düzgün qərarlar qəbul etdi, pit-stopları dəqiq yerinə yetirdi və bu, yaxşı mövqelərə çıxmağımıza imkan verdi”.

Flavio Briatore: “Günə hansı mövqelərdən başladığımızı xatırlasaq, komandanın əla geridönüş etdiyini demək olar. İlk onluqdan xeyli uzaqda idik, yekunda isə hər iki maşının pilotu xal qazandı.

Görünür, bazar günləri maşınımız şənbə günlərinə nisbətən daha yaxşı işləyir və biz A526-nın ümumi effektivliyini artırmağın yolunu tez tapmalıyıq. Pyer və Franko həm bir-biri ilə, həm də komanda ilə əməkdaşlığa görə tərifə layiqdirlər. Məhz bu, kifayət qədər çox xal qazanmağa imkan verdi, bu isə həmişə prioritetdir.

Sonda Ferrari və Lyuis Həmiltonu qələbə münasibətilə təbrik etmək istəyirəm! Lyuis kimi böyük çempionu yenidən podiumun ən yüksək pilləsində görmək çox sevindiricidir – ümumilikdə, onlar əla iş gördülər və əla yarış keçirdilər!”

Gilanur Huseynova

Şərh əlavə et