Xəbəri Kokpitdə Oxuyun!

Həmilton və Leklerdən Luce-yə dəstək

Ferrari tarixindəki ilk elektromobil – Luce ciddi tənqid dalğası ilə qarşılaşıb. Tənqid edənlər arasında kifayət qədər nüfuzlu şəxslər də var. Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo bildirib ki, Luce modelindən “Şahə qalxmış at” loqosunu götürmək lazımdır, Flavio Briatore isə maşının yeganə üstünlüyünün onu çinlilərin kopyalamayacağı olduğunu deyib.

Ferrari isə bu tənqidlərə Formula 1 komandasının pilotları Şarl Lekler və Lyuis Həmiltonun iştirakı ilə hazırlanmış reklam videosu ilə cavab verib. Hər iki pilot artıq Luce modelini test edib.

Şarl Lekler: “Luce-un dizaynı Ferrari-dən indiyə qədər gördüyümüz hər şeydən çox fərqlənir – maşın çox futuristik görünür. Gələcəyə yönəlmək və innovasiya Ferrari üçün həmişə xarakterik olub.

Burada çoxlu fiziki idarəetmə düymələrinin olması xoşuma gəlir. Bu, maşını idarə edərkən yola diqqət yetirməyə və onun reaksiyasını hiss etməyə imkan verir”.

Lyuis Həmilton: “Sükan arxasına keçən kimi bu maşının gücünü hiss edirsiniz, dinamikası əladır. Mən düşünürdüm ki, burada dörd mühərrik var, amma məlum oldu ki, on ikidir – hər təkərə üç mühərrik düşür. Biri fırlanma anını yaradır, digəri asılqanı idarə edir, üçüncüsü isə sükan hərəkətlərini ötürür. Bu, inanılmazdır.

Ağırlıq mərkəzi çox aşağıda yerləşir. Əksər maşınlar döngələrdə ciddi şəkildə əyilir, amma Luce çox stabildir. Bu, əsl Ferrari-dir”.

Rauf Hacıyev

Şərh əlavə et