Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Luce təqdim edilib

Ferrari ilk tam elektrikli modeli Luce ilə yeni dövrə qədəm qoyur. 4 qapılı, 5 yerlik model 1.035 at gücü və 0-100 km/s sürətlənməsini 2,5 saniyəyə tamamlaması ilə markanın gələcəyinə yeni baxış gətirir.

Keçmişdən bu günə qədər 250 GTO, 288 GTO, F40, LaFerrari və adını çəkmədiyimiz daha neçə-neçə ikonik model ilə milyonların qəlbində taxt quran Ferrari, bu dəfə elektrifikasiyaya ehtiyatla yanaşmayıb və ilk elektrikli modelini təqdim edib. Ferrari Luce adlanan avtomobil dizaynı ilə avtomobil həvəskarlarını təəccübləndirib.

İlk elektrikli Ferrari: Luce

İtalyancada “işıq” mənasını verən Luce ikonik model olmaq potensialına sahibdir. Amma bəlkə də Ferrari-nin gözlədiyi şəkildə yox. 4 qapılı, 5 yerlik və 4 mühərrikli elektrik avtomobil olan Luce 1.035 at gücü (772 kVt) hasil edir və 0-100 km/saat sürətlənməsini cəmi 2,5 saniyəyə tamamlayır.

Ferrari Luce-un dizaynı əsasən LoveFrom tərəfindən formalaşdırılıb. Coni Iv və Mark Nyuson tərəfindən Apple-dan ayrıldıqdan sonra qurulan bu dizayn studiyası layihədə tam sərbəstlik əldə edib. Ferrari daha əvvəl Pininfarina və Bertone kimi dizayn evləri ilə çalışsa da, bu dəfə yanaşma fərqli olub. LoveFrom-a sadəcə mövcud dizaynı inkişaf etdirmək deyil, tamamilə qeyri-adi bir model yaratmaq azadlığı verilib.

Ortaya çıxan forma Ferrari üçün olduqca qeyri-adidir. Loqosu olmasa, bir çox insan bu avtomobilin Ferrari olduğunu anlamaqda çətinlik çəkə bilər. Ön hissədə Dodge Charger Daytona-nı xatırladan böyük aerodinamik qanad yerləşir. Onun arxasında parlaq qara rəngli ikinci kapot hissəsi var. Yan tərəfdə isə 23 düyməlik ön və 24 düyməlik arxa disklər diqqət çəkir. Gizli qapı açma mexanizmləri və arxa sərnişinlər üçün geriyə doğru açılan qapılar da dizayn detalları sırasındadır.

Arxa hissə ilk baxışda sedan kimi görünsə də, əslində bütün arxa şüşə və panel bir hissə şəklində yuxarı açılır. Ferrari dizaynda 360 Modena və 458 Italia modellərindən ilham alındığını bildirir. Markanın DNT-sinə ən güclü istinadlar da məhz burada hiss olunur.

İnteryer: texnologiya və lüksün qarışığı

Daha əvvəl gördüyümüz Ferrari salonlarından fərqli olaraq burada markanın ənənələri müəyyən qədər dəyişib. Sükan tamamilə təkrar emal olunmuş alüminiumdan hazırlanıb və hərəkətli rəqəmsal göstərici paneli ilə birlikdə işləyir. Beləliklə, məlumatlar daim sürücünün görmə sahəsində qalır.

Ferrari tam toxunma ekranlarına keçmək əvəzinə fiziki düymələri qoruyub saxlayıb. Yəni avtomobildə həm analoq idarəetmə elementləri, həm də rəqəmsal ekranlar birlikdə istifadə olunur. Tavanda yerləşən fiziki “çəkmə qolu” Launch Mode-u aktivləşdirir. Bundan əlavə opsional masaj funksiyalı oturacaqlar, arxa sərnişin idarəetmələri və 3.000 vatt gücündə, 21 dinamikli səs sistemi də təklif edilir.

Performans və güc ötürməsi

Ferrari Luce təxminən 2.260 kq ağırlığındadır. Bu isə onu Ferrari tarixinin ən ağır modellərindən birinə çevirir. Lakin mühəndislər bu çəkini balanslaşdırmaq üçün xüsusi həllər hazırlayıblar. Avtomobildə Ferrari-nin F80 superkarından törədilmiş 4 elektrik mühərriyi istifadə olunur. Bundan başqa elastik montajlı alt şassi sistemi tətbiq edilib. Ferrari-nin sözlərinə görə, bu quruluş avtomobilin reaksiyalarını təxminən 400 kq daha yüngül model səviyyəsinə yaxınlaşdırır.

  • 4 elektrik mühərriyi
  • 800V arxitektura
  • 122 kVt/saat batareya
  • 350 kVt sürətli enerji doldurma gücü
  • 20 dəqiqədə 70 kVt/saat enerji doldurma

Batareya eyni zamanda şassinin bir hissəsi kimi işləyir və kuzov sərtliyini 25 faiz artırır.

Ferrari Luce-da saxta mühərrik səsindən istifadə etmir. Bunun əvəzinə arxa oxda yerləşdirilən sensorlar vasitəsilə real mexaniki vibrasiyalar toplanır. Daha sonra bu siqnallar gitara gücləndiricisinə bənzər sistem vasitəsilə emal olunaraq sürüş xarakterinə uyğunlaşdırılır. Sürücü isə bu səsin səviyyəsini artırıb-azalda bilir.

Performans göstəriciləri

  • 0-100 km/s: 2,5 saniyə
  • 0-200 km/s: 6,8 saniyə
  • Maksimal sürət: 310 km/saat
  • Yürüş ehtiyatı: 530 km (WLTP)
  • Güc: 1.035 at gücü
  • Fırlanma anı: 990 Nm

Ferrari Luce Avropada təxminən 550 min avro qiymət etiketi ilə satışa çıxacaq.

Rauf Hacıyev

Şərh əlavə et