Dördqat dünya çempionu 2026-cı il reqlamentini ən sərt formada tənqid edənlərdən biridir. Ona yeni nəsil bolidlərdə tətbiq olunan yanaşma qətiyyən xoş deyil. Belə ki, sürücü maşının limitində pilotaj etmək əvəzinə, daha çox batareyanın enerji səviyyəsini qorumaq barədə düşünməli olur.
Yaponiya mərhələsi zamanı Ferstappen hətta eyham vurmuşdu ki, yarışlardan əvvəlki həzzi almırsa, Formula 1-də karyerasını davam etdirməyin mənası barədə şübhələri yaranır.
Lakin mayın əvvəlində komandalar və çempionat rəhbərliyi 2027-ci ilə qədər güc qurğularında dəyişikliklər edilməsinə dair mühüm razılaşmalar əldə ediblər. Məqsəd yanacaq sərfiyyatını artırmaq hesabına daxiliyanma mühərriyinin gücünü 50 kVt yüksəltmək, elektrik hissəsinin gücünü isə 350 kVt-dan 300 kVt-a endirməkdir. Beləliklə, daxiliyanma mühərriyi ilə hibrid sistem arasındakı güc nisbəti 50/50-dən 60/40-a yaxınlaşacaq.
Monrealda Maks Ferstappendən bu barədə soruşublar və o bildirib ki, hadisələr düzgün istiqamətdə inkişaf edir: “Belə dəyişikliklər ümid etdiyim minimum idi. Təbii ki, bu, mənim qalmaq ehtimalımı artırır. Sadəcə istəyirəm ki, Formula 1 məhsul kimi yaxşı olaraq qalsın və bu cür addımlar həqiqətən də ona fayda verəcək. Ümid edirəm ki, dəyişikliklər gələn il həyata keçiriləcək və bu, artıq çox şeyi yaxşılaşdıracaq.
Mən həmişə demişəm ki, maşınımın yaxşı olub-olmaması o qədər də vacib deyil, əsas odur ki, Formula 1 qaydasında olsun. Təbii ki, yarışlardan alınan həzz də artacağını düşünürəm. Ümumiyyətlə, bu o deməkdir ki, əhvalım yaxşılaşacaq və Formula 1-də qalmağım üçün də məhz bu lazımdır.
Red Bull Racing-də çıxış etmək mənə xoşdur, komanda real irəliləyiş əldə edir və bu, məni sevindirir. Hər halda mən həmişə F1-də qalmaq istəmişəm, ancaq eyni zamanda yaxşıya doğru dəyişikliklər görmək də istəyirdim. Artıq vəd edilən dəyişikliklər isə çox müsbət addımdır. Deyərdim ki, bu, demək olar normal səviyyəyə qayıdışdır. Ümumiyyətlə, bu yaxşıdır. Belə dəyişikliklərə mütləq ehtiyac var”.




Şərh əlavə et