Xəbəri Kokpitdə Oxuyun!

MotoGP: Fransada qalib Martindir, Aprilia-dan üçlü podium

MotoGP üzrə Fransa Qran Prisinin qalibi Xorxe Martin olub. Onun komanda yoldaşı Marko Bezzekki ikinci, Ai Oqura isə üçüncü olub. 

Start işıqlarının sönməsi ilə Le Manda 27 dövrəlik yarış başlayıb. Marko Bezzekki  ilk döngəyə lider daxil olmağı bacarıb.

Yarışın ikinci dövrəsində Aleks Markes sərt qəza edib və çınqıl zonasına sürüklənib. 3-cü döngədəki qəzadan sonra bir müddət yerdə qalan sürücü daha sonra ayağa qalxaraq boksa yollanıb.

Üçüncü dövrədə Pedro Akosta Fabio Kuartararonu geridə qoyaraq ikinci pilləyə yüksəlib. Xorxe Martin isə beşincilik uğrunda mübarizə apardığı Fabio Di Cianantonio ilə fərqi azaltmağa başlayıb.

Yeddinci dövrədə Françesko Banyaya ilə Pedro Akosta arasında gərgin mübarizə yaşanıb. Üç döngə boyunca bir-birini keçən sürücülərin duelində sonda Banyaya ikinci pilləyə yüksəlib.

Səkkizinci dövrədə Marko Bezzekki arxadakı rəqibləri ilə fərqi təxminən bir saniyəyə çatdırıb. Doqquzuncu dövrənin əvvəlində dördüncü yerdə gedən Fabio Di Cianantonio ilə Xorxe Martin arasında mübarizə yaşanıb. Di Cianantonio yarış trayektoriyasını yaxşı qorusa da, Martin gözlənilməz manevrlə dördüncü yerə yüksəlib.

11-ci dövrədə Ai Oqura Fabio Kuartararonu geridə qoyaraq altıncı pilləyə qalxıb. Mövqeyini qorumaqda çətinlik çəksə də, dövrə boyunca fərqi artırmağa davam edib. Həmin dövrədə Moreyra qəza edib və qısa müddətlik sarı bayraq göstərilib.

16-cı dövrənin əvvəlində podium uğrunda əsas namizədlərdən olan Françesko Banyaya döngəyə girişdə motosikletinə nəzarəti itirərək qəza edib. Komandasının məyusluğu ekranlara əks olunarkən, Banyaya məyus halda ayağa qalxaraq trası tərk edib. Bununla da Xorxe Martin üçüncü pilləyə yüksəlib. Mark Markesin də yarışda olmaması səbəbindən Ducati komandası yarışı xalsız başa vurub.

18-ci dövrədə Xorxe Martin ağıllı və cəsarətli manevrlə Pedro Akostanı keçərək ikinci pilləyə yüksəlib. Bezzekki isə ikinci yerlə arasındakı fərqi yenidən bir saniyəyə çatdırıb.

21-ci dövrədə Xoan Mir sərt qəza edərək yarışı dayandırıb. Qısa müddətlik sarı bayraq göstərilsə də, yarış fasiləsiz davam edib. Ai Oqura Fabio Di Cianantonionu geridə qoyaraq dördüncü yerə yüksəlib.

23-cü dövrədə Oqura tempini artıraraq Pedro Akostanı keçib və üçüncü pilləyə yüksəlib.

Yarışın son dörd dövrəlik həlledici hissəsində Marko Bezzekki ilə Xorxe Martin arasındakı liderlik mübarizəsi daha da qızışıb. Martin səbirli, amma cəsarətli hücumlarla komanda yoldaşını ciddi təzyiq altında saxlayıb və sonda onu keçməyi bacarıb. Son iki dövrədə stabil temp saxlayan Martin fərqi təxminən bir saniyəyə qədər artırıb.

Damalı bayraq dalğalandıqda Xorxe Martin üç dövrə əvvəl qazandığı liderliyi qoruyaraq yarışın qalibi olub. Marko Bezzekki ikinci, Ai Oqura isə üçüncü yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et