Yaxın Şərqdə davam edən gərginlik səbəbindən Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərinin ləğv edilməsi Formula 1 təqvimində gözlənilməz boşluq yaradıb. Mövsüm təxminən beş həftəlik fasilədən sonra 1–3 may tarixlərində keçiriləcək Mayami Qran-prisi ilə yenidən start götürəcək. Bəs komandalar bu aranı necə dəyərləndirir?
Yeni texniki qaydaların qüvvəyə minməsi ilə olduqca intensiv keçən mövsümöncəsi dövr və ilk yarışlardan sonra bu fasilə komandalar üçün vacib imkan kimi qiymətləndirilib. McLaren komandasının rəhbəri Andrea Stella bu müddətin həm operativ, həm də texniki baxımdan dəyərli olduğunu vurğulayıb.
Komandalar bu dövrdə bazalarında intensiv şəkildə çalışaraq bolidin inkişafına fokuslanıb. Avqustdakı yay fasiləsindən fərqli olaraq bazalar açıq qalıb və komandalar büdcə limiti, eləcə də aerodinamik test məhdudiyyətləri çərçivəsində işlərini davam etdirir.
Bu fasilə xüsusilə mövsümə uğursuz başlayan komandalar üçün bir növ ikinci şans kimi qiymətləndirilir. Williams komandasının rəhbəri Ceyms Vavlz bu müddətin çatışmazlıqları təhlil etmək və performansı artıracaq addımlar atmaq üçün böyük fürsət yaratdığını bildirib.
Toplanan məlumatlar və hazırlanmış iri yenilənmə paketləri nəzərə alındıqda, Frederik Vassyörün də qeyd etdiyi kimi Mayami ilə birlikdə “yeni çempionat” başlaya bilər. Dörd həftəlik yarışsız dövr pilotlar üçün də qeyri-adi olsa da, bu müddət tam istirahət anlamına gəlmir. Pilotların əksəriyyəti bazalarda simulyator testləri keçirib və mühəndislər bolidin inkişafına töhfə verib. Eyni zamanda fiziki hazırlıq da prioritet olaraq saxlanılıb.
Məhdud da olsa, tras fəaliyyəti davam etdirilib. Pirelli test proqramı çərçivəsində Ferrari 9–10 aprel tarixlərində Fyoranoda yağış təkərlərinin sınağını keçirəcək. Mercedes və McLaren isə 14–15 aprel tarixlərində Nürburqrinqdə quru hava təkərlərinin testlərində iştirak edəcəklər.
Bununla yanaşı, bəzi pilotlar digər seriyalarda çıxış etmək imkanı əldə edib. Maks Ferstappenin Nürburqrinqdə GT3 tədbirlərində iştirak edəcəyi gözlənilir, Ləns Stroll isə Pol Rikarda GT World Challenge Europe seriyası çərçivəsində trasda olacaq.
Bu müddətdə yalnız tras üzərində deyil, texniki və idman reqlament baxımından da mühüm inkişaflar yaşanacaq. Aprel ayında FIA, komandalar və güc qurğusu istehsalçıları bir araya gələrək 2026-cı il qaydalarını müzakirə edəcəklər.
Xüsusilə enerji idarəetməsi və yüksək sürət fərqlərinin yaratdığı təhlükəsizlik narahatlıqları Yaponiyada Oliver Bermanın qəzasından sonra yenidən gündəmə gəlib.
FIA mövsümün ilk hissəsindən əldə olunan məlumatların təhlil ediləcəyini və zəruri olduğu halda qaydalarda dəyişikliklərin edilə biləcəyini açıqlayıb.
Mayami Qran-prisində qüvvəyə minə biləcək mümkün dəyişikliklər mövsümün gedişatına ciddi təsir göstərə bilər.




Şərh əlavə et