Lakin mövsümöncəsi testlər və ilk yarışlar göstərib ki, bu həll özünü tam doğrultmayıb. Əsas problem ondadır ki, maksimum güc rejimi sürücülər üçün yalnız qısa müddət əlçatandır və enerji ehtiyatı uzun düzlükdə kifayət etmir.
Apreldə yaranmış məcburi fasilə zamanı Formula 1, FIA, komandalar və güc qurğusu istehsalçıları bir sıra görüşlər keçirəcək və reqlamentdə mümkün dəyişiklikləri müzakirə edəcək. Söhbət qısamüddətli perspektivdə – ideal halda Mayami Qran Prisinə qədər müəyyən düzəlişlərdən gedir. Uzunmüddətli perspektivdə isə mövcud güc qurğuları bir neçə il daha qalacaq.
Bununla belə, artıq 2031-ci il üçün güc qurğuları ilə bağlı fəal müzakirələr başlayıb. Variantlardan biri hibrid hissənin tamamilə ləğv olunmasıdır. Bu halda çempionatın ekoloji imicini qorumaq üçün 2026-cı ildən istifadə olunan karbon-neytral yanacaq kifayət edəcək.
Bu yanaşma klassik atmosfer mühərriklərinin Formula 1-ə qayıtması üçün yol aça bilər. Amma güc qurğusu istehsalçılarının buna qarşı çıxacağı gözlənilir. Çünki müasir seriya avtomobillərində, nadir istisnalarla turbo mühərriklər istifadə olunur və növbəti nəsil Formula 1 mühərriklərinin də turbo olması daha real görünür.
Auto Motor und Sport-un məlumatına görə, hazırda əsas favorit 2,4 litrlik V8 turbo mühərrikdir. Lakin 2031-ci il üçün yekun texniki spesifikasiya təsdiqlənənə qədər hələ uzun yol var.
Buna baxmayaraq, V8-in geri qayıtmaq şansı mövcuddur. Bu variant daha əvvəl FIA-nın prezidenti Məhəmməd Ben Sulayem tərəfindən irəli sürülüb, Formula 1-in rəhbəri Stefano Domenikali isə ötən il V8 mühərriklərin gələcəyi ola biləcəyini istisna etməyib.




Şərh əlavə et