Xəbəri Kokpitdə Oxuyun!

Ferrari yeniliklərin üzərində işləyir

Çempionatda yaranmış planlaşdırılmamış aprel fasiləsindən komandalar ilk nəticələri çıxarmaq və buna əsasən maşınları təkmilləşdirmək üçün istifadə edəcək. Ehtimallara görə, Ferrari SF-26 sürət baxımından ikinci yerdə qərarlaşıb, lakin Mercedes W17-yə açıq şəkildə uduzur, əsasən də daha az effektiv güc qurğusuna görə.

Bununla belə, Yaponiya Qran Prisində göründüyü kimi, McLaren texniki problemlərlə üzləşmədikdə, Skuderiya üçün britaniya komandası ilə də rəqabət aparmaq çətinləşib. Oskar Piastrinin Suzukada ikinci yeri tutması təsadüfi olmayıb.

Ekspertlərin qiymətləndirməsinə görə, Mercedes və Ferrari güc qurğuları arasındakı fərq təxminən 20 at gücü təşkil edir və Maranelloda əmindirlər ki, tezliklə ADUO proqramı (Additional Development and Upgrade Opportunities – “əlavə təkmilləşdirmə imkanları”) çərçivəsində mühərriyi yeniləmək üçün icazə alacaqlar.

Aprelin 9-da Formula 1 Komissiyası toplanacaq və reqlamentdə mümkün dəyişiklikləri, eləcə də güc qurğuları ən güclü istehsalçıdan (hazırda Mercedes) 2 faizdən çox geri qalan komandalar üçün bu “əlavə imkanların” hansı müddətdən sonra qüvvəyə minəcəyini müzakirə edəcək.

ADUO proqramının ilk mərhələsi mövsümün dörddə birindən sonra tətbiq olunmalı idi, lakin Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri ləğv olunub. Buna baxmayaraq, The Race nəşrinin məlumatına görə, Ferrari əvvəlki qrafikin saxlanılmasında israr edir.

İtalyan komandası aprelin 22-də Monzada çəkiliş günü keçirəcək və bu çərçivədə 200 km məsafə qət etmək mümkün olacaq. SF-26-nın sükanı arxasında Şarl Lekler və Lyuis Həmilton növbə ilə işləyəcək. Hava şəraiti imkan versə, Skuderiyada çempionatın ilk mərhələsi üçün planlaşdırılmış texniki yeniliklərin əksəriyyətini sınaqdan keçirəcəklər.

Xüsusilə, daha effektiv altlıq versiyası üzərində işlənib ki, bu da asfsltayatma qüvvəsini artırmağa kömək etməlidir, eləcə də aerodinamik paketin digər elementləri hazırlanıb. Bundan əlavə, Mayami mərhələsində qırmızı bolidlərdə təkmilləşdirilmiş soyutma sistemi və Çində sınaqdan keçirilmiş Halo üzərində əlavə “qanadcıqlar”ın görünməsi gözlənilir.

Eyni zamanda Maranelloda qeyri-adi konstruksiyaya malik arxa qanadın yenilənmiş versiyası üzərində də iş gedir. Bu qanad düzlüklərdə hərəkət rejimi (Straight Mode) aktivləşəndə öz oxu ətrafında 180 dərəcə fırlanır. İlkin plana görə, bu yenilik Kanadada debüt etməli idi.

Padokda “Makarena üslublu qanad” adlandırılan bu elementin testləri hələ mövsümöncəsi Bəhreyn testlərində başlanmışdı, lakin məlum olub ki, o, maşının arxa hissəsinin sabitliyini azaldır – bu problem Çindəki məşqlərdə də təsdiqlənib. Toplanan məlumatlara əsasən Maranelloda daha yüngül və effektiv yeni versiya hazırlanıb.

Onun Monzada sınaqdan keçirilməsi planlaşdırılır və 22 apreldən sonra tətbiq vaxtı, eləcə də Mayami üçün nəzərdə tutulan digər aerodinamik yeniliklərlə bağlı yekun qərar veriləcək.

Rauf Hacıyev

Şərh əlavə et