Britaniya komandası Mayami həftəsonuna son illərin ən aqressiv yeniləmə paketi ilə gəlmişdi. Təxminən 500 komponentdən ibarət olan bu yenilik, komandanın mövsümün əvvəlindən bəri əsas problemi sayılan çəki məsələsində atdığı ilk böyük addım kimi diqqət çəkib.
Texniki baxımdan FW48 əslində aylar əvvəl Avstraliyada olması lazım olan vəziyyətinə yalnız indi çatıb. Lakin gözləməyə dəyib. Williams birdən zirvəyə yüksəlməsə də, orta qrupdakı rəqiblərinə qarşı rəqabətədavamlı mövqeyə keçməyi bacarıb. Mayamidə əməliyyat baxımından qüsursuz yarış keçirən komandada Karlos Sayns 9-cu, Aleks Elbon isə 10-cu yeri tutaraq Williams-a 2026 mövsümündə ilk ikiqat xal sevincini yaşadıblar.
Yeniliklərin miqyası Williams-ın mövsümün əvvəlində nə qədər ciddi texniki problemlərlə üzləşdiyini də göstərib. Mayami aerodinamik inkişaflarla çəki azaltma həllərinin ilk dəfə birlikdə istifadə olunduğu yarış idi.
Trasda daha stabil performans göstərən FW48, Sayns və Elbona orta qrupda daha aqressiv mübarizə aparmaq imkanı verib. İlk dövrə xaotik keçsə də, risk alaraq mövqelər qazanan sürücülər bolidin üstünlükləri və strategiya komandasının düzgün qərarları sayəsində uğurlu nəticə əldə ediblər. Yarışın yeganə gərgin anı arxadan gələn Maks Ferstappenə qarşı Elbonun sərt müdafiəsi olub. Bunun xaricində Williams üçün bazar günü tam mənada “nəzarət və sabitlik” nümayişinə çevrilib.
Mövsümdə ilk xallarını qazanan Aleks Elbon yeni paketin potensialı barədə belə danışıb: “Çətin başlanğıcdan sonra bu nəticə bütün komanda üçün dərman kimi oldu. Yeniliklər sayəsində artıq orta qrupda sadəcə mövcudluğumuzu qorumaq yox, birbaşa mübarizə aparmaq imkanımız var. Tənzimləmələr baxımından hələ öyrənəcəyimiz çox şey var, lakin istiqamətimiz doğrudur”.
Doqquzuncu yerlə komandanın mövsümdəki ən yaxşı nəticəsini əldə edən Karlos Sayns isə yüksələn tempi belə qiymətləndirib: “Çox təmiz və sabit bir bazar günü keçirdik. Fokuslandığımız zaman nələr edə biləcəyimizi göstərdik, amma hələ də olmaq istədiyimiz nöqtədən uzağıq. Bu tempi davamlı şəkildə göstərməliyik”.
Komanda rəhbəri Ceyms Vovlz uğurun əsas səbəbkarı kimi son beş həftədə bazada gecələyən mühəndisləri göstərib. Vovlz strategiya baxımından da riskə gedərək Elbonu gözləniləndən daha tez pitə çağırıb. Bu qərar Elbonun Oliver Berman üzərində üstünlüyünü qorumasına və ikiqat xal nəticəsinin təmin olunmasına kömək edib.
Vovlzun fikrincə, bu yalnız başlanğıcdır. Mövsümün qalan hissəsində FW48-in daha da inkişaf etdirilərək daha rəqabətədavamlı hala gətiriləcəyi gözlənilir.




Şərh əlavə et