Xəbəri Kokpitdə Oxuyun!

Mayami – Əsl F1 kokteyli

2026-cı ilin Mayami Qran Prisi… düzünü desək, bu həftəsonu Formula 1 üçün sanki sprint formatının “niyə var?” sualına verilmiş ən yaxşı cavablardan biri oldu. Bir az xaos, bir az strategiya, bir az da hava. Əsl F1 kokteyli.

Cümə: Sükutdan əvvəlki fırtına

Uzun fasilədən sonra paddok Mayamidə yenidən canlandı. Komandalar texniki yeniliklərlə gəldi. Xüsusilə də 2026-cı il qaydalarının gətirdiyi hibrid balans dəyişiklikləri fonunda. Bu, sadəcə bir yarış yox, həm də “kim doğru yoldadır?” testi idi.

Sərbəst yürüşlərdə sürprizlər vardı, lakin əsas şou hələ qabaqda idi.

Sprint kvalifikasiyası: McLaren xəbərdarlıq etdi

Sprint həftəsonunun ilk ciddi zərbəsini Lando Norris vurdu. O, SQ3-də hamını geridə qoyaraq sprint üçün poul qazandı. Arxasında isə gənc sensasiya Kimi AntonelliOskar Piastri sıralandı. Bu nəticə bir şeyi açıq göstərdi: McLaren bu həftəsonu sadəcə iştirakçı deyil, iddiaçıdır.

Sprint yarışı: Norris startı qaçırmadı

Sprint yarışında Norris dediyini etdi və qazandı. Bu, onun 2026-cı il mövsümündə ilk qələbəsi oldu və McLaren üçün mühüm psixoloji üstünlük gətirdi. Piastri ilə birlikdə komanda demək olar ki, maksimum nəticə çıxardı. Amma bu, əsas yarış üçün yalnız afişa idi. Film hələ başlamamışdı.

Şənbə kvalifikasiyası: Antonelli səhnəyə çıxır

Sprintdən cəmi saatlar sonra keçirilən əsas kvalifikasiya isə tam başqa hekayə yazıldı və Kimi Antonelli poul qazandı.

Gənc sürücü Mercedes komandası ilə mövsümün dominant xəttini davam etdirdi və Maks Ferstappen ilə Şarl Lekler kimi adları arxada saxladı.

Sprint və əsas kvalifikasiya arasındakı bu fərq… Bax, sprint formatının ən böyük cazibəsi də budur: kartlar hər an yenidən qarışır.

Bazar: Hava, taktika və Antonelli şousu

Yarış günü isə Mayami öz klassik sürprizini etdi – hava. Fırtına təhlükəsinə görə start vaxtı dəyişdirildi. Bu qərar komandaların strategiyasını kökündən dəyişdi. Amma bir nəfər üçün fərqi olmadı: Kimi Antonelli. O, pis start alsa da, taktika hesabına yenidən önə çıxdı və bundan sonra yarışı idarə etdi, tempini qorudu və mövsümdə növbəti qələbəsini qazandı.

Podium:

  • 1️⃣ Antonelli
  • 2️⃣ Norris (+3.2 saniyə)
  • 3️⃣ Piastri

McLaren sprintdə qazandı, amma əsas döyüşdə Mercedes yenə son sözü dedi.

Bu həftəsonunun dərsi

Mayami bizə üç şeyi göstərdi:

1. Antonelli artıq “gələcəyin ulduzu” deyil – o, indinin lideridir.
Mercedes-in erkən mövsüm dominantlığı davam edir.

2. McLaren geri qayıdır.
Mövsümün ilk iki yarışında start ala bilməyən “narıncılar” yenidən dişlərini göstərdilər. Sprint qələbəsi və yarışdakı temp… Bu komanda artıq podium üçün yox, qələbə üçün yarışır.

3. Sprint formatı işləyir.
Əgər eyni həftəsonunda iki fərqli hekayə görə biliriksə, deməli, bu format artıq Formula 1-in dramaturgiyasına xidmət edir.

Final dövrəsi

Mayami həftəsonu bir az belə idi: Sprint – McLaren-in “biz də buradayıq” mesajı, yarış isə Antonelli-nin “burada boss mənəm” cavabı. F1 dili ilə desək: Bu həftəsonu təkcə trasda yox, bütün paddokda mübarizə oldu.

Rauf Hacıyev

Şərh əlavə et