Xəbəri Kokpitdə Oxuyun!

Maks Ferstappen idmandan gedir?

Yarış zamanı Suzukada baş verən Oliver Bermanın qəzası mövsüm başlamazdan əvvəl əksər sürücülərin danışdığı problemi bir daha üzə çıxarıb. Hadisə onunla bağlı olub ki, Franko Kolapintonun maşını batareyanın doldurma rejiminə keçdiyi üçün 13-cü döngəyə qalxarkən qəfil yavaşlayıb və sürətlər arasında böyük fərq yaranıb.

FIA artıq yeni texniki reqlamentin qiymətləndirilməsi ilə bağlı iclasların keçiriləcəyini açıqlayıb. Maks Ferstappen isə daha ciddi hadisələr baş vermədən əvvəl təhlükəsizlik baxımından dəyişikliklərin vacibliyini vurğulayıb.

Maks Ferstappen:  “Belə hallar [Bermanla Kolapinto arasında olduğu kimi] o zaman baş verir ki, bir sürücüdə güc olmur, digərində isə ötmə rejimi aktiv olur. Sürət fərqi 50-60 km/saat ola bilər və bu çox ciddi fərqdir. Mənim də bir neçə dəfə elə halım olub ki, sürətlənmə həddindən artıq güclü olurdu və kənara çəkilməli olurdum.

Bu, çox təhlükəli ola bilər, çünki bir növ əyləc zamanı trayektoriyanı dəyişmək və ya düz yolda maşını sağa-sola “oynatmaq” kimidir. Bu cür sürətlənmə halları ciddi qəzalara səbəb ola bilər.

Əgər söhbət təhlükəsizlikdən gedirsə, hər şeyi düzəltmək olar. ‘Təhlükəsizlik’ sözünü çox şey üçün istifadə etmək olar, lakin bəlkə də doğrudan da təhlükəsizliyi artırmaq üçün konkret dəyişikliklər etməyin vaxtıdır”.

Ferstappen həmçinin mövsümün sonunda Formula 1-dən ayrılmaq ehtimalına da eyham vurub. O, bildirib ki, paddokda baş verənləri ciddi şəkildə düşünür və gələcəyi ilə bağlı müxtəlif variantları nəzərdən keçirir.

Maks Ferstappen: “Mən paddokda baş verən hər şey haqqında düşünürəm. Şəxsi həyatımda xoşbəxtəm, amma eyni zamanda mövsümdə 22-24 yarışın bitməsini gözləməli oluram.

Sonra düşünürəm – buna dəyərmi? Bəlkə evdə ailəmlə daha çox vaxt keçirmək istəyirəm? Bəlkə dostlarımla vaxt keçirmək daha xoşdur, xüsusilə də bu idmandan zövq almadığım anlarda?

Yeddinci və ya səkkizinci yerdə finiş etməyi qəbul edə bilirəm. Daim qalib gəlmək mümkün deyil, bunu anlayıram. Amma bu mövqelərə düşməyimin səbəbləri mənə uyğun gəlməyəndə, bu, sürücü üçün təbii hiss deyil.

Məsələn, bu gün qəfil olaraq saatda 15 km/saat daha yavaş getməyə başlayırdım. Sadəcə dövrələri sayırdım – 15, 10, 5… nə qədər olar?

Çində də Pyer Qaslinin arxasında qalmışdım. Ümumiyyətlə, əksər maşınların arxasında qalırdım, çünki normal ötmə edə bilmirdim. Ötmə edirsən, amma növbəti düzlüklərdə batareya boşalır.

Bütün bunlara gülməyə çalışıram, çünki daim əsəbi gəzmək də çıxış yolu deyil”.

Rauf Hacıyev

Şərh əlavə et