Xəbəri Kokpitdə Oxuyun!

Yaponiya GP sıralanma – Antonellidən ardıcıl ikinci poul

Suzukada sıralanma turu zamanı hava aydın, tras quru olub. Havanın temperaturu +17°C, trasın temperaturu isə +32°C ölçülüb.

Suzukada ötmə etmək çətindir, buna görə də çox şey sıralanma turunda həll olunur və burada mübarizə həmişə gərgin keçir. Son 10 Qran Pridən 7-də poul qazanan sürücü qalib gəlib. Son dörd ildə bu, Maks Ferstappen olub.

Reqlament dəyişikliyindən sonra qüvvələr nisbəti dəyişib və niderlandlı sürücü bu dəfə poula əsas namizədlərdən sayılmayıb. Cümə günü Oskar Piastri lider olub, şənbə səhəri isə Kimi Antonelli ən yaxşı nəticəni göstərib. Yeni qaydalarla ötmələrin asanlaşacağına ümid edənlər çox idi, amma bunun cavabı yarışda məlum olacaq. Şənbə günü isə əsas mübarizə start mövqeləri uğrunda gedib.

Suzuka üçün komandaların təşəbbüsü ilə FIA sıralanma reqlamentinə dəyişiklik edib. Bu trasda güclü əylənmə zonaları az olduğu üçün enerji toplamaq çətindir, buna görə dövrə üzrə enerji limiti 9-dan 8 MJ-a endirilib. Nəticədə “superklipping” rejimi təxminən 4 saniyəyə qədər azalıb. Düzlüklərdə sürət bir qədər aşağı düşsə də, sürücülər demək olar ki, bütün dövrə boyu tam güclə hücum edə biliblər.

Pirelli bu mərhələyə ən sərt təkərləri gətirib. Komandalar mövsümdə ilk dəfə C1, C2 və C3 tərkiblərindən (Hard, Medium və Soft) istifadə ediblər.

1-ci sessiya (Q1)

Hamı dərhal Soft təkərlərlə trasa çıxıb. Sürücülər iki sürətli dövrə + bir yavaş dövrə formatında işləyiblər. İlk cəhdlərdə Kimi Antonelli 1:30.035 ilə lider olub, onun komanda yoldaşı Corc Rassell isə bolidin davranışından narazı qalaraq 0.7 saniyə geri qalıb.

İkinci cəhdlərdə Rassell sürətini artırsa da, Şarl Lekler 1:29.915 ilə önə keçib. Aleks Elbon, Oliver Berman, Serxio Peres, Valtteri Bottas, Fernando Alonso və Ləns Stroll mübarizəni dayandırıblar.

 2-ci sessiya (Q2)

Hamı yenə Soft tərkibləri istifadə edib. Mercedes sürücüləri trasa hamıdan əvvəl çıxıblar və Antonelli 1:29.774 ilə yeni orientir qoyub, amma Piastri 1:29.451 ilə daha sürətli olub.

İkinci cəhdlərdə Lekler 1:29.303 ilə liderliyə yüksəlib, lakin Antonelli son sürətli dövrəsində onu 0.2 saniyə qabaqlayaraq 1:29.048 nəticə göstərib.

Bu mərhələdə Maks Ferstappen, Esteban Okon, Niko Hülkenberq, Liam Louson, Franko Kolapinto və Karlos Sayns finala keçə bilməyiblər.

Final (Q3)

Finalda Antonelli ilk sürətli dövrəsində 1:28.778 nəticə ilə həftəsonunun ən yaxşı vaxtını göstərib  və bu nəticəni heç kim keçə bilməyib. Arvid Lindblad trasdan çıxdığı üçün onun nəticəsi ləğv olunub.

Son cəhdlərdə yalnız Qabriel Bortoleto, Pyer Qasli və Şarl Lekler nəticələrini yaxşılaşdıra biliblər.

Nəticə

Kimi Antonelli Suzukada sıralanma turunu qazanaraq karyerasında ikinci poulunu əldə edib.

Corc Rassell ondan 0.3 saniyə geridə qalıb. Beləliklə, Mercedes komandasınınsürücüləri mövsümdə üçüncü dəfə və tarixdə 85-ci dəfə start düzümünün ilk cərgəsini tam ələ keçiriblər.

İkinci cərgədən Oskar Piastri və Şarl Lekler, üçüncü cərgədən isə Lando Norris və Lyuis Həmilton start alacaqlar.

Sıra Sürücü 1-ci sessiya (yer/zaman/dövrə) 2-ci sessiya (yer/zaman/dövrə) 3-cü sessiya (yer/zaman/dövrə)
1 K. Antonelli 3 / 1:30.035 / 3 1 / 1:29.048 / 6 1 / 1:28.778 / 6
2 C. Rassell 2 / 1:29.967 / 6 5 / 1:29.686 / 9 2 / 1:29.076 / 6
3 O. Piastri 4 / 1:30.200 / 8 3 / 1:29.451 / 6 3 / 1:29.132 / 6
4 Ş. Lekler 1 / 1:29.915 / 6 2 / 1:29.303 / 6 4 / 1:29.405 / 6
5 L. Norris 8 / 1:30.401 / 8 6 / 1:29.785 / 6 5 / 1:29.409 / 6
6 L. Həmilton 5 / 1:30.309 / 6 4 / 1:29.589 / 8 6 / 1:29.567 / 6
7 P. Qasli 10 / 1:30.584 / 6 7 / 1:29.874 / 6 7 / 1:29.691 / 6
8 A. Hacar 12 / 1:30.662 / 6 9 / 1:30.104 / 6 8 / 1:29.978 / 5
9 Q. Bortoleto 7 / 1:30.359 / 8 8 / 1:29.990 / 6 9 / 1:30.274 / 6
10 A. Lindblad 13 / 1:30.781 / 9 10 / 1:30.109 / 6 10 / 1:30.319 / 6
11 M. Ferstappen 9 / 1:30.519 / 6 11 / 1:30.262 / 6
12 E. Okon 14 / 1:30.915 / 9 12 / 1:30.309 / 6
13 N. Hülkenberq 6 / 1:30.358 / 8 13 / 1:30.387 / 6
14 L. Louson 11 / 1:30.657 / 9 14 / 1:30.495 / 6
15 F. Kolapinto 16 / 1:30.931 / 6 15 / 1:30.627 / 6
16 K. Sains 15 / 1:30.927 / 9 16 / 1:31.033 / 6
17 A. Elbon 17 / 1:31.088 / 9
18 O. Berman 18 / 1:31.090 / 9
19 S. Peres 19 / 1:32.206 / 6
20 V. Bottas 20 / 1:32.330 / 9
21 F. Alonso 21 / 1:32.646 / 9
22 L. Stroll 22 / 1:32.920 / 9

Rauf Hacıyev

Şərh əlavə et