Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Fərq yoxdur

Fernando Alonso Yaponiya Qran Prisində birinci məşqi buraxaraq bolidini Cek Krouforda verib. İkinci sessiyada isə Aston Martin komandasının sürücüsü 19-cu nəticəni göstərib və Suzuka mərhələsi üçün hazırlanan yeniliklərin bolidin davranışına demək olar ki, təsir etmədiyini bildirib.

Ləns Stroll hər iki məşqdə iştirak edib və ikinci sessiyanı 21-ci yerdə başa vurub.

Fernando Alonso: “Bu trasda nə edə biləcəyimizi görəcəyik. İkinci məşqdə boliddən aldığım hisslər yaxşı deyildi. Əvvəlki mərhələlərlə demək olar ki, eynidir.

Komanda bir neçə yenilik gətirib, amma testlər zamanı ciddi fərq hiss etmədim. Deməli, sürət baxımından hələ də geridəyik və axşam işləyərək irəliləyiş etməliyik.

Bu, Honda üçün ev yarışıdır və belə çətin dövrdə onları əvvəlkindən daha çox dəstəkləməliyik. Ümid edirəm ki, mövsümdə ilk dəfə finiş görəcəyik. Hazırda məqsəd budur”.

Ləns Stroll: “Suzukaya gəlmək həmişə xoşdur. Burada əla tras və möhtəşəm atmosfer var.

Planlaşdırdığımız proqramı yerinə yetirdik və indi topladığımız məlumatları təhlil edib sabah üçün irəliləyiş etməyə çalışacağıq. Üzərində işləməli olduğumuz sahələr var, xüsusilə də sürətli döngələrdə”.

Rauf Hacıyev

Şərh əlavə et