Xəbəri Kokpitdə Oxuyun!

Pirelli ilkin proqnozları verib

Pirelli-nin mütəxəssisləri Suzukada ilk məşq gününün yekunlarına əsasən bildiriblər ki, cümə gününün hər iki sessiyasında komandalar üç tərkibin hamısından istifadə ediblər. Səhər sessiyasında sürücülər əvvəlcə qısa seriyalarla işləyiblər, daha sonra uzun seriyalarda temp üzərində fokuslanıblar.

Yenilənmiş asfalt örtüyünün vəziyyəti tədricən yaxşılaşdığı üçün ikinci sessiyada McLaren komandasının sürücüsü Oskar Piastri Soft təkərlərlə 1:30.133 zaman nəticəsi göstərərək, günün ən sürətli dövrəsini vurub.

Pirelli-nin baş mühəndisi Simone Berra: “Bildiyiniz kimi, bu il Suzukada trasın ikinci və üçüncü sektorlarında asfalt yenilənib. Ümumilikdə o, 2025-ci ildəki örtüklə müqayisədə daha hamardır, amma kifayət qədər yaxşı ilişmə təmin edir.

Asfaltın aşındırması aşağı olduğuna görə təkərlərin deqradasiyasına nəzarət etmək daha asan olub və dənlənmə hələlik ciddi problem yaratmayıb. Ehtimal etmək olar ki, komandalar taktika qurarkən hər üç tərkibi nəzərdən keçirəcək, amma demək olar ki, hamısı bir pit-stoplu strategiyaya üstünlük verəcək.

Soft təkərlər daha yaxşı ilişmə verir və komandaların artıq onların davranışı barədə müəyyən təsəvvürü var, amma bu məlumat məhduddur, çünki çox az komanda onlarla uzun seriyalar sürüb.

Yarış günü hava da strategiyaya ciddi təsir edəcək. Trasın vəziyyəti daha da yaxşılaşacaq, lakin proqnozlara görə temperatur təxminən 10 dərəcə aşağı düşəcək.

Maraqlıdır ki, McLaren hələ Hard təkərlərlə işləməyən yeganə komanda olub. Çox güman ki, bunu şüurlu şəkildə ediblər ki, bazar günü üçün hər iki C1 komplektini saxlasınlar və yarış neytrallaşdırılarsa, təzə Hard təkərlərə sahib olsunlar.

Digər komandalar isə gün ərzində sərt təkərlərdən istifadə ediblər və onların rəyləri kifayət qədər müsbət olub. Buna görə də bəzi komandaların yarışa məhz sərt təkərlərlə start verməsi ehtimalı var. Bu, ilk stintdə stabil temp təmin edə bilər”.

Rauf Hacıyev

Şərh əlavə et