Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen jurnalistlə insident yaşayıb

Maks Ferstappenin Suzuka trasında mətbuatla ünsiyyəti dərhal başlamayıb.   The Guardian qəzetinin müxbiri Jil Riçards mətbuat konfransını tərk etdikdən sonra o danışmağa razılaşıb. Maks açıq şəkildə bildirib ki, jurnalist getməyənə qədər danışmayacaq.

Xatırladaq ki, dördqat dünya çempionunun britaniyalı jurnalistə qarşı narazılığı ötən ildən qalıb. Əbu-Dabidə mövsümün final yarışından sonra Riçards ondan Barselonada Corc Rassellə bağlı insidentə görə peşman olub-olmadığını soruşmuşdu. Həmin hadisəyə görə aldığı cəza nəticəsində Ferstappen titul şansını itirmişdi – əks halda 2025-ci ildə çempion Lando Norris yox, məhz o ola bilərdi.

O zaman Maks belə cavab vermişdi: “Siz mövsüm ərzində baş verən bir çox şeyi unudursunuz. Yalnız Barselonadakı epizodu qeyd etdiniz və bilirdim ki, bu sual veriləcək – üstəlik belə axmaq bir təbəssümlə. Bilmirəm. Sonda bu da yarışın bir hissəsidir. Həyat çox şey öyrədir”.

Bu gün isə, təxminən dörd ay sonra onların arasında belə dialoq baş verib:

«O getməyənə qədər danışmayacağam», – deyə Red Bull Racing-in sürücüsü bildirib.
«Doğrudanmı? Sadəcə keçən il Əbu-Dabidə verdiyim suala görə? Bu sizi bu qədər incitdi?» – deyə Riçards soruşub.
«Bəli, gedin», – deyə Maks tələb edib və jurnalist Red Bull-un qonaq zonasını tərk etdikdən sonra digər media nümayəndələrinin suallarını cavablandırmağa davam edib.

Ferstappen Yaponiya Qran Prisini ardıcıl dörd dəfə qazanıb, lakin bu həftəsonu üçün gözləntiləri barədə belə danışıb: “Keçmiş illəri indi xatırlamıram, çünki hər il fərqli olur. Realist olmalıyıq, çünki hazırda istədiyimiz səviyyədə deyilik. Sadəcə həftəsonuna hazırlaşıram, sonra görəcəyik vəziyyət necə olacaq.

Ümid edirəm ki, aprel fasiləsindən səmərəli istifadə edərək bolidimizi daha yaxşı anlayacağıq, keçmiş yarışları təhlil edəcəyik və liderlərlə fərqi azaltmağa çalışacağıq.

Bu bizim əsas məqsədimiz olmalıdır. Çin mərhələsi yaxşı alınmadı, lakin ümid edirəm ki, bu mövsümün ən pis gəftəsonu kimi qalacaq. Ümumilikdə fasilə bizə faydalı olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et