Burada təkərlər həm yüksək sürətlərə, həm də davamlı istiqamət dəyişikliklərinə görə maksimum yüklənmə altında işləyir. Buna görə də Pirelli bu yarışa ən sərt üç tərkibi gətirib: C1 – Hard, C2 – Medium, C3 – Soft. Üstəlik, C1 bu mövsümdə ilk dəfə istifadə olunacaq.
Suzuka trası Honda-ya məxsusdur və 2025-ci il yarışı öncəsi burada asfalt örtüyü qismən yenilənib – birinci şikanın çıxışından dövrənin ilk sektorunun sonuna qədər. Bu il isə asfalt qalan iki sektorda da, 17-ci döngəyə qədər dəyişdirilib. Buna görə Pirelli hesab edir ki, yeni asfalt örtüyü çox hamar olsa da, eyni zamanda bir qədər çirkli olacaq və bu da ilişmə səviyyəsinə təsir göstərəcək.
Belə şəraitdə təkərlər adətən dənlənməyə məruz qalır, xüsusilə də ən yumşaq tərkib. Bu hal ötən mövsümdə də müşahidə olunub və əsasən ön təkərlər bundan əziyyət çəkib, lakin məşqlərin ilk günündən sonra trasın vəziyyəti yaxşılaşdıqca dənlənmə azalıb.
İndi isə yeni asfaltla örtülmüş hissə daha uzundur və Pirelli-nin mütəxəssisləri təkərlərin işləməsini və aşınma xüsusiyyətlərini daha detallı təhlil etməli olacaqlar. Lakin artıq cümə günü bu barədə daha çox məlumat toplanacaq və bu da həftəsonunun qalan hissəsi üçün proqnoz verməyə imkan yaradacaq.
Əgər sərt təkərlər kifayət qədər yaxşı tutum təmin etsə və C3 Şanxaydakı kimi stabil işləsə, komandaların taktiki seçimlərində hər üç tərkibin rol oynaması mümkündür.
Hava şəraiti də təsir göstərəcək: bu il Yaponiya Qran Prisi 2025-ci illə müqayisədə bir həftə daha tez keçirilir və hava temperaturunun təxminən 15 dərəcə olacağı gözlənilir. Temperatur ciddi şəkildə artmasa, istilik deqradasiyası orta səviyyədə qalacaq. Bununla belə, yarışı bir pit-stopla başa vurmaq ehtimalı dənlənmənin səviyyəsindən və onun tempə təsirindən də asılı olacaq. Bundan əlavə, Pirelli sıralama turunda təkərlərin qızdırılması ilə bağlı müəyyən çətinliklər gözləyir.
Ötən il Yaponiya Qran Prisində iştirakçıların əksəriyyəti yarışı bir pit-stopla başa vurmağı bacarıb. Nisbətən aşağı temperatur Medium və Hard tərkiblərində uzun stintlər keçirməyə imkan verib və ciddi temp itkisi müşahidə olunmayıb. Podiuma yüksələn üç sürücü isə yarışa Medium-la başlayıb və təxminən 20-ci dövrədən sonra Hard-a keçid edib.
Sonda qeyd edək ki, bu il yarışın ilk üçlüyü podiuma Pirelli-nin xüsusi dizaynlı beysbolkaları ilə çıxacaq. Onların üzərində yaz mövsümünü simvolizə edən sakura çiçəklənməsi motivlərindən istifadə olunub.





Şərh əlavə et