Xəbəri Kokpitdə Oxuyun!

C.Krouford Alonsonu əvəz edəcək

Yaponiya Qran Prisinin ilk sərbəst yürüş sessiyasında Aston Martin bolidinin sükanı Fernando Alonsoya deyil, Cek Krouforda veriləcək.

İspaniyalı sürücü Yaponiya Qran Prisinin ilk məşq sessiyasında trasa çıxmayacaq və Aston Martin AMR26-nı komandanın üçüncü pilotu Cek Krouforda həvalə edəcək.

Formula 1-in idman reqlamentinə əsasən komandalar mövsüm ərzində hər bolid üçün iki dəfə olmaqla ümumilikdə dörd sessiyada debütant sürücüyə yer verməlidir. Bu tətbiq adətən ilk sərbəst yürüş sessiyalarında həyata keçirilir.

Arvid Lindblad ilə Racing Bulls istisna olmaqla, bu tələbi yerinə yetirməyə başlayan ilk komanda Aston Martin olub.

Bu çərçivədə Alonso Suzukadakı ilk sessiyada iştirak etməyəcək. Krouford isə Meksika və Abu-Dabidən sonra komanda ilə üçüncü dəfə məşq sessiyasında trasa çıxacaq.

Cek Krouford: “Suzukada sükan arxasına keçəcəyim üçün çox həyəcanlıyam. Bura həm tarixi, həm də çətin trasdır. Simulyatorda öyrəndiklərimi real tras şəraitində tətbiq etmək üçün səbirsizlənirəm.

Bu fürsət üçün komandaya təşəkkür edirəm. Əvvəlki sessiyalarda olduğu kimi, bu imkanı ən yaxşı şəkildə dəyərləndirib mümkün qədər çox şey öyrənmək istəyirəm”.

Keçən mövsüm Formula 2 çempionatını ikinci sırada tamamlayan Krouford bu il Aston Martin-in üçüncü pilotu kimi fəaliyyət göstərir və Formula 1 hədəfini davam etdirir.

Krouford ötən il Las Veqas Qran Prisində Formula 1-lə bağlı gözləntiləri soruşularkən belə deyib: “F2-dəki güclü performansımdan sonra bir il yarışmasam belə, gündəmdə qalacağımı ümid edirəm. Bütün yarış həftəsonlarında paddokda olmaq vacibdir, çünki insanlar səni görməyə davam edir. Bu səbəbdən 2027-ci il mənim üçün ən yaxşı fürsətdir”.

Komandanın tras əməliyyatları üzrə rəhbəri Mayk Krak isə gənc sürücülərə şans verməyin əhəmiyyətini vurğulayıb: “Cekə ilk məşq sessiyasında şans vermək bizim üçün çox dəyərlidir. Silverstoundakı simulyatorda intensiv işləyib və bu sessiya onun tras təcrübəsini artırması üçün mühüm fürsət olacaq.

Bu proses həm onun inkişafı, həm də komandaya məlumat və geribildirim verməsi baxımından böyük əhəmiyyət daşıyır”.

Digər tərəfdən, mövcud problemlər nəzərə alındıqda Aston Martin üçün Yaponiya Qran Prisi çətin keçə bilər. Honda güc qurğusunda yaşanan vibrasiya problemləri həm etibarlılıq məsələlərinə, həm də sürücülərin sağlamlığı ilə bağlı narahatlıqlara səbəb olur. Buna görə AMR26-nın yarış məsafəsini başa vurmaqda çətinlik çəkdiyi məlumdur.

Şanxay yarışından sonra Suzuka ilə bağlı gözləntiləri soruşulan Alonso isə Hondaya daha çox vaxt verilməli olduğunu bildirib: “Görəcəyik. Avstraliya ilə Çin arasında cəmi beş gün var idi və eyni mühərrikdən istifadə etdik.

İndi isə iki həftəmiz var. Dəzgah üzərində daha çox işləməliyik. Hondanın vibrasiyaları və səbəbini anlaması üçün zamana ehtiyacı var. Batareyanın bu vibrasiyalardan zərər görməsinin qarşısını da almalıyıq.

Ümumilikdə Hondaya daha çox vaxt verməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et