Buna görə də birinci sessiyada sürücülərin əksəriyyəti ilk iki cəhdini eyni təkər dəsti ilə yerinə yetiriblər. Eyni yanaşma kvalifikasiyanın ikinci hissəsində də tətbiq olunub.
Final sessiyada isə ən sürətli 10 sürücü Soft təkərlərə keçib, buna görə də sürətlər bir qədər artıb. Nəticədə Corc Rassell 1:31.520 nəticə ilə sprint kvalifikasiyasını qazanıb. Bu vaxt ötən il sprintdən əvvəl Lyuis Həmiltonun qazandığı poul nəticəsindən təxminən 0.7 saniyə zəif olub.
Bugünkü kvalifikasiyanın qalibi olan Mercedes sürücüsünə mükafatı Pirelli Motorsport-un yeni direktoru Dario Marrafuski təqdim edib. O, bu vəzifədə Mario İzolanı əvəz edib. Mükafat Çin bayrağının rənglərində hazırlanmış dəbilqənin miniatür modeli formasında olub və üzərində sürücünün adı ilə maşının nömrəsi yazılıb.
Dario Marrafuski, Pirelli Motorsport direktoru: “Sprint formatlı həftəsonlarında komandalar üçün təkərlərin davranışını tam qiymətləndirmək həmişə çətin olur, çünki onların ixtiyarında cəmi bir saatlıq məşq sessiyası var.
Bu sessiyada komandalar bir dəst Medium və bir dəst Soft təkərdən istifadə ediblər, lakin həqiqətən uzun seriyalar aparmayıblar.
Hard təkərləri isə hamı növbəti günlər üçün saxlayıb. Ola bilər ki, bəzi komandalar onları bazar günü keçiriləcək əsas yarışda istifadə etməyi planlaşdırsın. Bu isə yalnız sabah sprintdən sonra daha aydın olacaq. Qısa yarışın böyük ehtimalla Medium təkərlərlə keçirilməsi gözlənilir.
Cümə günü istifadə olunan iki tərkib arasında sürət fərqi təxminən 0.6 saniyə olub. Maraqlıdır ki, ilk iki sessiyada C3 tərkibli təkərlər maksimum effektivliyini ikinci sürətli dövrədə göstərib. Bundan əvvəl isə daha sakit tempdə bir hazırlıq dövrəsi tələb olunub.
Şanxayda temperatur ötən illə müqayisədə aşağıdır və tras hələ də kifayət qədər tozludur, buna görə də ilişmə səviyyəsi bazar gününə qədər daha aşağı qalacaq.
Keçən il olduğu kimi, sol ön təkərdə dənlənmə müşahidə olunur. Bu da gözlənilən haldır, çünki Şanxay trasının döngələrində ən böyük yük məhz bu təkərə düşür. Sağ ön təkərdə bu problem daha az hiss olunur, ümumi təkər yeyilməsi isə orta səviyyədə qalır.
Bu trasda komandalar əsas diqqəti ön təkərlərin qorunmasına yönəldir və buna görə balansı mümkün qədər arxa tərəfə yönəltməyə çalışırlar”.




Şərh əlavə et