Bu da tam məntiqli sayılır. Yeniliklərin siyahısı çox qısa olub, ancaq bəzi məqamlar kifayət qədər maraqlı görünüb.
Ferrari
İtaliya komandasının bolidlərində mövsümöncəsi testlər zamanı çox danışılan arxa qanad peyda olub – onun yuxarı elementi öz oxu ətrafında 180 dərəcə fırlana bilir.
Paddokda bu yeniliyi zarafatla “Macarena üslubunda qanad” adlandırıblar. Bu adın səbəbi isə 30 ildən çox əvvəl bütün dünyada məşhur olan “Macarena” mahnısına eyham olub. Əlbəttə, bu yalnız zarafatdır. İdeyanı anlamaq üçün ispan dueti Los del Rionun məşhur klipini xatırlamaq kifayət edir.
Maraqlıdır ki, həmin qanad rəsmi yeniliklər siyahısına belə daxil edilməyib. Scuderia Ferrari yalnız bir aerodinamik əlavəni qeyd edib – Halo sisteminin mərkəzi dirəyində quraşdırılmış kiçik qanadcığı.
Racing Bulls
VCARB 03 bolidinin arxa hissəsində dəyişiklik edilib. Arxa əyləclərin hava kanallarında yerləşən əlavə aerodinamik qanadcığın profil forması dəyişdirilib.
Komandanın izahına görə, bu dəyişiklik arxa hissədə və arxa təkərlərin ətrafında hava axınının idarə olunmasını yaxşılaşdırmağa kömək edib.
Haas F1
Bolidin arxa hissəsində – arxa qanadın altında yerləşən zərbə enerjisini udan təhlükəsizlik strukturlarında əlavə aerodinamik element yerləşdirilib.
Komanda bu elementi belə adlandırıb: “arxa zərbə udma strukturunda yerləşən kiçik qanadcıq”. Onun forması hava axınını yuxarı istiqamətə yönləndirir və nəticədə aerodinamik effektivlik artıb, asfaltayatma qüvvəsi yüksəlib.
Audi F1
Alman istehsalçısının zavod komandası iki texniki yenilik təqdim edib.
Birincisi, R26 bolidinin ön qanadında hərəkətli elementin və qanadın yan lövhələrinin geometriyası dəyişdirilib. Bu dəyişiklik hava axınının şassi altı boyunca arxa hissəyə doğru daha səmərəli yönləndirilməsinə kömək edib.
İkincisi isə burun konusunun forması yenilənib və bu dəyişiklik ön qanaddakı yeniliklə uyğunlaşdırılıb.
Cadillac F1
Serxio Peres və Valtteri Bottasın bolidlərində diffuzor təkmilləşdirilib, həmçinin arxa görünüş güzgülərinin dirəkləri dəyişdirilib.
Diffuzorda əsas dəyişiklik onun arxa kənarındakı qanadcıq kaskadının geometriyasının yenilənməsi ilə bağlı olub ki, bu da arxa hissənin aerodinamik səmərəliliyini artırmağa kömək edib.
Komanda həmçinin güzgü dirəklərinin aerodinamik səthində dəyişiklik edib və bunu “konstruktiv baxımdan komponentin yaxşılaşdırılması” kimi izah edib.




Şərh əlavə et